“Femisitə yox” – Prokurorluq Marneulidə məlumatlandırıcı görüş keçirib
Bu gün, 9 noyabr tarixində Gürcüstan Prokurorluğu Mülki Məşğulluq Mərkəzlər Şəbəkəsinin Marneuli ofisində əhali və mülki sektor nümayəndələri ilə məlumatlandırıcı görüş keçirib. Görüşün əsas mövzuları femisit, ailədə zorakılıq və qadına qarşı zorakılıq mövzularına aid idi. Marneuli rayon prokuroru Murad Mnatobişvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, məlumat kampaniyasının məqsədi qadına qarşı və ailədə zorakılıq haqqında əhalinin məlumatlandırılmasıdır.

“Gürcüstan Prokurorluğu bir neçə regionda bu kampaniyanı aparır və onlardan biri Marneuli bələdiyyəsidir. Marneuli Rayon Prokurorluğunun əməkdaşları artıq bir neçə gündür Marneulidə əhali ilə görüşürük və dediyim kimi bunun məqsədi ictimaiyyətin məlumatlandırılmasıdır. Gürcüstan Prokurorluğu ümumiyyətlə, artıq bu istiqamətdə ciddi cinayət hüququ siyasəti aparır. Baxmayaraq ki, ciddi cinayət hüququ siyasəti aparılır, ölkədə yenə də femisit halları var və buna görə ictimaiyyətin fəal qoşulması lazımdır. Belə halda onlar yayılmış stereotiplər, onların hüquqları barədə, qadın və kişilərin bərabər hüquqları barədə daha çox biləcəklər. Onlara ictimaiyyətin belə hallarda göstərdiyi sükut əksər hallarda cinayət iştitakçısı olaraq müzakirə olunur”, – Murad Mnatoblivili bildirdi.

Prokurorluğun məlumatlandırma görüşündə Marneulinin mülki fəalı Samirə Bayramova iştirak edirdi. Onun sözlərinə görə, belə görüşlər bələdiyyədə davamlı olaraq keçirilməlidir.

“Regionda olan bəzi ənənələrdən və problemdən irəli gələrək bəziləri femisitə haq qazandırır. Düşünürlər ki, əgər qadın ənənəni pozursa, qadının “adı pisdirsə” bu zamanı biz onu öldürməliyik. Amma eyni zamanda düşünmürlər ki, əgər həmin hərəkəti kişi edirsə onda nə baş verir, bu ictimaiyyət tərəfindən adi norma hesab olunur. Belə məlumatlandırma görüşləri daim olmalıdır. Bunu yalnız Prokurorluq keçirməli deyil yerli özünüidarə və onun nümayəndələri də buna qoşulmalıdırlar. Onlar da bu istiqamətdə fəal iştirak etməlidirlər”.

Femisit qadına qarşı zorakılığın formasıdır. O qadın və qızların məhz qadın olduğuna görə, öldürülməsi deməkdir. Gürcüstan Prokurorluğu Marneuli şəhərindən başqa Qasımlı və Şulaveri kəndlərində də görüş keçirib.

Gürcüstan Prokurorluğu “Femisitə yox” məlumatlandırma kampaniyasını ABŞ səfirliyi və BMT-nin Qadın Təşkilatının dəstəyi ilə həyata keçirir.

Print E-mail
FaceBook Twitter Google