Marneulinin ictimai sektor, media və dini təşkilatları Prezidentə müraciət ediblər

Etnik azərbaycanlı icmanın dini və ictimai təşkilatları, yerli media və fəallar Gürcüstan Prezidentinə Nika Qvaramianın azad edilməsi tələbi ilə müraciət ediblər.

Petisiyada qeyd olunub ki, son günlərdə azad media və ictimai sektora məqsədyönlü hücumlar olunur. Hakimiyyət isə tənqidi mediaya qarşı dözümsüzlük göstərir və əsassız səbəblərə görə, ictimaiyyət qarşısında onların fəaliyyətini etibarsız göstərməyə çalışır.

“Biz, Gürcüstan vətəndaşları, regional media, ictimai və dini nümayəndələr ölkə prezidenti Salome Zurabişviliyə müraciət edirik. Biz Gürcüstanda müstəqil media və demokratiyanın inkişafı üçün Nika Qvaramianın əfv edilməsini tələb edirik. Hesab edirik ki, bu Gürcüstanda olan siyasi tənqidi aradan qaldırmaq üçün ən yaxşı addım olacaq. Regionda fəaliyyət göstərən media və ictimai sektor olaraq biz bu gün azad mediaya, tənqidçi şəxslərə və ictimai sektora qarşı istiqamətlənmiş təxribata görə çox narahatıq”, – petisiyada qeyd olunub.


Etnik azərbaycanlı icmanın dini və ictimai təşkilatların, yerli media, mülki fəalların müraciətini olduğu kimi təqdim edirik:

"Təəssüf ki, son günlərdə azad media və ictimai sektora qarşı məqsədli şəkildə hücumlar olur. Hakimiyyət tənqidçi mediaya qarşı dözümsüzlük göstərərək qeyri-əsasız səbəblərlə onların fəaliyyətinə cəmiyyət qarşısında etibarsızlıq yaratmağa çalışır. Hal-hazırda daha çox hədəf Mtavari kanalıdır, bununla yanaşı başqa media nümayəndələrinə qarşı da məqsədli kampaniya həyata keçirilir. Bunun bariz nümunəsi 5-6 iyul hadisələrdir, həmin gün aldığı xəsarətlərdən sonra operator həyatını itirdi və hələ də həmin gün zərər çəkən media nümayəndələri qanun qarşısında bəraət qazanmayıblar.

Bu ilin noyabr ayının 2-də Gürcüstan Apelyasiya Məhkəməsi müstəqil media “Mtavari Kanalı”-nın təsisçisi Nika Qvaramianın həbsdə qalmasına qərar verdi. İctimaiyyətə bəllidir ki, onun həbsi siyasi motiv daşıyır, bununla bağlı yerli təşkilatlar və müəyyən qurumlar Nikanın həbsini medianın fəaliyyətinə müdaxilə və məhdudlaşdırma kimi qiymətləndirdilər. Diplomatik korpuslar məhkəmə qərarını Avropa gələcəyini risk altına almaq kimi dəyərləndirirlər və media azadlığını məhdudlaşdıran şeylərin demokratiyanı zəiflətməsi kimi qeyd edirlər.

Gürcüstanda demokratik dəyərlərin formalaşmasında və şəffaflığın artırılması istiqamətində azad medianın rolu danılmazdır. Ona görə də onlara qarşı bu məqsədli təxribat dayandırılmalıdır. Eyni zamanda son illərdə müstəqil medianın olması Gürcüstanda etnik azlıqların inteqrasiya prosesinə və onların ölkədə baş verənlərə yaxından qoşulmasına zəmin yaratdı. Regionun problemlərinin mərkəzi mediada işıqlandırılması regionda müəyyən müsbət dəyişiklər yaratdı.

Bununla yanaşı Avropaya inteqrasiya yoluna qədəm qoymuş ölkə kimi Nika Qvaramiyanın həbsi və onun əsassız səbəblərlə həbsdə saxlanılması tamamilə bu prosesə mane olan motivlərdən biridir, 12 maddəlik fəaliyyət planının əsas məqsədi azad media, müstəqil məhkəmə və siyasi məhbusların azad olunmasıdır. Ona görə də hesab edirik ki, Nika Qvaramiyanın azad olunması ən vacib məsələlərdən biridir. Hazırda 12 maddə ilə bağlı biz müsbət dəyişiklik və addımların atıldığını görmürük, bunlar daha çox səthi prosesə bənzəyir və buna görə də hazırkı şərtlər altında Nikaya bəraət qazandırmaq mümkün deyil.

Biz Gürcüstan vətəndaşları, regional media, ictimaiyyət nümayəndələri ölkə prezidenti Salome Zurabişviliyə müraciət edərək xahiş edirik ki, Gürcüstanda müstəqil medianın fəaliyyəti və demokratiyanın inkişafı üçün Nika Qvaramiyanı əfv etsin. Hesab edirik ki, bu addım hazırda Gürcüstanda siyasi böhranı aradan qaldırmaq üçün ən yaxşı addım olacaq. Biz regionda fəaliyyət göstərən media və ictimai sektor olaraq bu gün azad mediaya, tənqidçi fərdlərə və ictimai sektora qarşı olan bu məqsədli təxribatdan olduqca narahatıq",
– müraciətin tam mətinində deyilir.

 

 

Print E-mail
FaceBook Twitter Google