Gürcüstan Prokurorluğu Marneulidə baş vermiş yol-nəqliyyat hadisəsi
nəticəsində yeniyetmənin ölüm faktı ilə bağlı bir nəfəri ittiham
edib. Məlumatı Gürcüstan Prokurorluğu yayıb.
Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində
aydın olub ki, noyabrın 23-də Marneulidə “Land-Rover” markalı
avtomobilin sürücüsü ehtiyatsızlıq edərək nəqliyyat vasitəsinin
təhlükəsiz idarəsini təmin edə bilməyib və piyada keçidində
piyadanı vurub. Hadisə nəticəsində yeniyetmə yerindəcə həyatını
itirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən
şəxsi elə həmin gün həbs ediblər. Ona qarşı Gürcüstan Cinayət
Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi (nəqliyyat vasitəsinin
hərəkəti təhlükəsizliyi və ya istismarı qaydalarının insan ölümü
ilə nəticələnən pozulması) ilə ittiham irəli sürülüb. Həmin maddə 4
ildən 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan
tədbirinin seçilməsinin müddətinin uzadılması barədə vəsatətlə
qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edir.
Cinayət işi üzrə istintaq davam edir.