Meriyaya müraciət edərlərsə, Kostava küçəsinə tramplin
quraşdıracaqlar.
23 noyabr tarixində, Marneulidə, Merab Kostava küçəsində
yol-nəqliyyat hadisəsi zamanı 17 yaşlı qız dünyasını dəyişib. Qeyd
olunan küçədə məktəb, kollec, yaşayış evləri yerləşir.
Kostava küçəsindən keçən yol beynəlxalq əhəmiyyətli yoldur. Bu
yoldan gün ərzində yüzlərlə yük və minik maşınları keçir. Kostava
küçəsində yaşayan sakinlər “Marneuli” radiosu ilə söhbətləri zamanı
bildirdilər ki, həmin ərazidə tez-tez qəzalar baş verir. Yolda
quraşdırılmış yeganə tramplin isə qısa zaman ərzində xarab
olub.
“Marneuli” radiosu yerli özünüidarədən həmin ərazidə öz
təşəbbüsləri ilə tramplin quraşdırmağı
planlaşdırıb-planlaşdırmadıqlarını və ya yolun həmin hissəsində
təhlükəsizliyin təmin edilməsinin hansı formada olduğunu soruşub.
Meriyanın mətbuat xidmətindən bildirdilər ki, Merab Kostava küçəsi
Avtomobil Yolları Departamentinə məxsusdur. Tramplinin düzəldilməsi
üçün yerli sakinlər meriyaya müraciət etməlidirlər və bundan sonra
bələdiyyə Departamentlə onlar arasında vasitəçilik edəcək.
23 noyabrda Merab Kostava küçəsində, 2 saylı məktəbə yaxın ərazidə
Qızılhacılı sakini 17 yaşlı qızı maşın vurub və o, yerindəcə
dünyasını dəyişib. 17 yaşlı yeniyetmə Marneulinin məktəblərindən
birində, 12-ci sinifdə oxuyurmuş. Qəza o, hazırlıq kursundan evə
qayıdarkən baş verib.