Bu gün, 29 noyabr tarixində Təkəli sakinləri əkin sahələrinin
onların xəbəri olmadan dövlət tərəfindən 30 il müddətinə icarəyə
verilməsinə etiraz edirlər.
Sakinlərin sözlərinə görə, dövlət onların xəbərləri olmadan
əkib-becərdikləri 32 hektar torpaq sahəsini tanımadıqları şəxsə
icarəyə verib.
Təkəli sakinləri deyirlər ki, onların yeganə gəlir mənbəyi olan
torpağın bu gün başqa biri tərəfindən icarəyə götürülməsi onlara
qarşı dövlət tərəfindən edilən böyük hörmətsizlikdir.
“Marneuli” radiosu ilə danışan sakinlər bildirirlər ki, bu mövzu
ilə bağlı dəfələrlə Marneuli meriyasına, Kvemo Kartli qubernatoruna
və kəndin icra nümayəndəsinə müraciət ediblər. Lakin müraciətə
baxmayaraq, problemləri həll olmadan qalıb.
"Biz kəndçilər torpaqla dolanırıq. Ümidimiz
torpaqdır. Onu da əlimizdən alırlar, biz nə edək, nə ilə dolanaq?
Banklara kreditimiz var".
"20 nəfər ailə oradan çörək pulu qazanır. 32 hektar torpaqdır. Söz
verdilər, dedilər ki, torpağı sənədləşdirib sizə verəcəyik".
"Biz merin, kənd nümayəndəsinin yanında olduq, xahiş etdik ki,
çörək qazandığımız torpaqları əlimizdən alıblar, gizli şəkildə
qeydiyyatdan keçiriblər. Heç nə etməyə imkanımız yoxdur. Bu camaat
nə ilə qazanıb kreditini ödəməlidir?! Qara fəhlənin günahı nədir?
Millət arasında seçkilik etmək olarmı?! Biz İrakli Qaribaşvilidən
də xahiş edirik, araşdırsın, bu camaat harada işləsin? Torpaqdan
qazanır, borcunu verir, dolanır".
Sakinlərdən biri deyir ki, Kvemo Kartli qubernatoru ilə görüş
zamanı qubernator onların torpağının əvəzinə qonşu kənd Qaçağandan
onlara torpaq veriləcəyini və əkin işlərini orada həyata keçirə
biləcəklərini bildirib.
“Qubernator deyir ki, sizə Qaçağandan torpaq veriləcək.
Qaçağanlılar bizimlə dava etməzmi ki, burada nə işiniz var. Bu
bizim nəyimizə lazımdır?!”
“Bizim 32 hektar torpağımız var. Əlimizdən alırlar. Bizim uşaqlar
nə yeyəcəklər?! Dizlərimizi yerə qoyub o torpaqlardan da
yığmışıq”.
“Ölüm olacaq, amma mən torpağımı verməyəcəyəm! Torpaq mənimdir,
mənim də olacaq!”
“80 yaşım var, mən dövlətə əsgər yetişdirirəm. Mağaza bahadır,
müsəlmanlar burada qırılır”.
“Seçkidə gəlirlər, toyla-çalğı ilə səs verildi. İndi
hardadırlar?!”
Məlumat üçün bildirək ki, sakinlər 19 oktyabr tarixində Kvemo
Kartli qubernatoru Qiorqi Doxturişvili ilə görüş keçiriblər.