Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti
Rövşən Nəcəf noyabrın 28-də Gürcüstan Neft və Qaz Korporasiyasının
(GOGC) baş direktoru Corci Çikovani ilə görüşüb.
SOCAR-dan bildirilib ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında
strateji tərəfdaşlıq əlaqələrinin iqtisadiyyatın bütün sahələrində,
o cümlədən enerji sektorunda uğurla inkişaf etdiyi vurğulanıb,
birgə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat
layihələrinin əhəmiyyətindən bəhs edilib.
Görüş çərçivəsində Gürcüstanın ən böyük investorlarından olan
SOCAR-ın bu ölkədəki çoxşaxəli fəaliyyətindən danışılıb, bu
istiqamətdə neft və neft-kimya məhsullarının ticarəti, nəqli,
habelə təbii qazın təchizatı və paylanması kimi əməliyyatların
uğurla icra edildiyi bildirilib.
Tərəflər arasında, həmçinin qazın nəqli, saxlama infrastrukturunun
genişləndirilməsi və digər istiqamətlərdə əməkdaşlıq perspektivləri
müzakirə edilib, qarşılıqlı maraq doğuran müxtəlif mövzular
ətrafında fikir mübadiləsi aparılıb.
Mənbə: Azertag.az