Çinin kosmik stansiyasının quraşdırılması üçün sonuncu missiya olan
“Şencou-15”ə (“Shenzhou-15”) start verilib.
Kosmik gəmini orbitə aparan “Böyük yürüş-2F Y15” (Long March-2F
Y15) raketdaşıyıcısının buraxılışı yerli vaxtla axşam saat 23:08-də
Qobi səhrasındakı Ciuçüən kosmodromunda baş tutub.
“Şencou-15” kosmik gəmisində daha əvvəl kosmosda olmuş Fey Cunlon
(heyətin komandiri), habelə debütant kosmonavt Den Çinmin və Can Lu
orbitə göndərilib. “Şencou-15” kosmik stansiya ilə birləşəndən
sonra kosmonavtlar (Çində onları taykonaut adlandırırlar)
stansiyaya keçəcəklər. Onlar hazırda stansiyada olan digər 3
kosmonavtla birgə müəyyən tapşırıqları yerinə yetirəcəklər. Bununla
da ilk dəfə olaraq Çin kosmonavtları kosmosda yerdəyişmə edəcək və
“Şenco-14”ün 3 nəfərlik heyəti 6 aylıq fəaliyyətdən sonra Yerə
qayıdacaq. Elə “Şencou-15” missiyasının da təxminən 6 ay kosmosda
qalması planlaşdırılıb. Onlar kosmik stansiyada kosmonavtların
fəaliyyəti və yaşaması, habelə stansiya xaricində əməliyyatların
təşkili üçün texniki xidmətlərin yoxlanılması kimi bir çox
vəzifələri yerinə yetirəcəklər. Kosmonavtların açıq kosmosda bir
neçə əməliyyat icra etmələri də planlaşdırılıb.
Bu, Çinin orbitə göndərdiyi 11-ci, ölkənin kosmik stansiyasının
quraşdırılması üçün isə 4-cü insan missiyasıdır.
Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmik
stansiya idarəetmə mərkəzi, heyətin yaşayış yeri və iki
laboratoriya kapsullarından ibarət olacaq. Ümumi çəkisi 70 ton
təşkil edəcək və quraşdırılması cari ilin sonunda başa çatacaq
stansiya aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə
fəaliyyət göstərəcək. Stansiyanın quraşdırılması üçün 11 missiya
həyata keçirilib ki, bunların üçündə stansiyanın modullarının,
dördündə yük gəmilərinin, digər dördündə isə kosmonavtların uçuşu
baş tutub.
Stansiyasının quraşdırılması üçün ilk insan missiyası (“Şencou-12”)
2021-ci ilin iyununda, 2-ci missiya (“Şencou-13”) ötən ilin
oktyabrında, 3-cü missiya (“Şencou-14”) isə cari ilin iyununda
orbitə göndərilib.
Mənbə: Azertag.az