Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli parlamentdə nazir
saatı formatında məruzə edib.
O, məktəblilərin qidalanması məsələsinə toxunaraq bildirib ki, iş
prosesi aktiv rejimdədir.
“Nazirliyin təşəbbüsü və Birləşmiş Millətlər Təşkilatının Uşaq
Fondunun cəlbi ilə məktəb yeməkləri ilə bağlı konkret plan
hazırlayacaq və Gürcüstanın baş naziri cənab İrakli Qaribaşviliyə
təqdim edəcək idarələrarası qrup fəaliyyətə başlayıb.
Yerli imkanlar, qabaqcıl beynəlxalq təcrübə öyrənilib və məktəbdə
qidalanma konsepsiyası üzərində fəal iş aparılır. Ölkə üzrə region
və rayonların xüsusiyyətləri nəzərə alınmaqla qida təhlükəsizliyi
üzrə ekspertlər və digər mütəxəssislərin cəlb edilməsi ilə müxtəlif
qida çatdırılması modelləri müzakirə olunur.
Parlamentin sahə komitələri də sözügedən prosesdə fəal iştirak
edəcəklər”, - deyə nazir parlamentdə bildirib.
Nazirin sözlərinə görə, Gürcüstanın Təhsil və Elm Nazirliyi ilə
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu arasında əməkdaşlıq
memorandumu imzalanıb ki, bu memorandum Gürcüstan məktəblərində
şagirdlərin məktəb qidalanması proqramının tətbiqini təşviq etmək
üçün konkret addımların atılmasını nəzərdə tutur.
Uşaqların qidalanması məsələsini “Səs” hərəkatı qaldırıb. Uşaqlar
üçün pulsuz məktəb yeməkləri kampaniyası 2021-ci ilin oktyabrında
başladılıb.