Azərbaycan və Gürcüstan ədliyyə orqanları arasında əlaqələrimiz
ölkələrimizin nümunəvi dostluq və səmərəli əməkdaşlıq
münasibətlərinə uyğun genişlənir və inkişaf edir.
Bu sözləri Tbilisidə səfərdə olan Azərbaycanın ədliyyə naziri
Fikrət Məmmədov gürcüstanlı həmkarı Rati Breqadze ilə görüşdən
sonra jurnalistlərə açıqlamasında söyləyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
nümayəndə heyətinin Gürcüstana bugünkü səfəri ikitərəfli
münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edir.
Nazir deyib ki, bu ilin martında R.Breqadze Bakıda səfərdə olarkən
imzalanmış əməkdaşlığa dair yeni memorandum hüquqi sahədə
əməkdaşlığımızın müasir çağırışlara uyğun inkişaf etdirilməsinə
zəmin yaradıb.
“Biz iki dost ölkəyik və əməkdaşlığımız strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlib. Burada bizim dövlət və hökumət başçılarımızın
müstəsna xidmətləri var. Azərbaycan Prezidenti İlham Əliyevin və
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin səyləri nəticəsində
əməkdaşlığımız belə yüksək səviyyəyə qalxıb”, – deyə
F.Məmmədov vurğulayıb.
Nazirin sözlərinə görə, Batumidə Ədliyyə nazirliklərinin birgə
forumu keçiriləcək. Bu bizə hər iki dövlətin əldə etdiyi
nailiyyətlər, xüsusilə də müasir texnologiyaların və rəqəmsal
innovasiyaların tətbiqi, elektron xidmətlərin göstərilməsi,
vətəndaş məmnunluğu ilə bağlı əldə etdiyimiz müsbət təcrübəni
bölüşməyə imkan verəcək.
Rustavi şəhərindəki cəzaçəkmə müəssisəsində olduqlarını vurğulayan
F.Məmmədov deyib:
“Biz müəssisədə məhbuslar üçün
yaradılan şəraitlə tanış olduq. Azərbaycanda da bu sahədə mühüm
işlər görülür. Yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün
yüksək standartlara cavab verən yeni cəzaçəkmə müəssisələri tikilib
istifadəyə verilib”.
“İnanıram ki, əməkdaşlığımız xalqlarımızın maraqlarına uyğun bundan
sonra da uğurla davam etdiriləcək”, – deyə nazir
vurğulayıb.
Mənbə: Azertag.az