Qaraçöp icmasında olan problemlərin aradan qaldırılması tələbi ilə təqdim edilən büdcə təşəbbüsləri Sagareconun 2024-cü il büdcəsinə daxil ediləcək
22 noyabr tarixində Saqareco bələdiyyəsinin 2024-cü ilin büdcə layihəsinin ictimai müzakirəsi keçirilib. Bələdiyyəyə təqdim edilmiş büdcə təklifləri/təşəbbüsləri və ərizələr ictimaiyyətə açıq şəkildə təqdim edilib. “Qaraçöp İcma Mərkəzi”nin təmsilçilərinin Qaraçöp icmasının kəndlərində olan problemlərin aradan qaldırılması tələbi ilə təqdim etdikləri büdcə təşəbbüsləri 2024-cü ilin Saqareco büdcəsinə daxil ediləcək.

“Qaraçöp İcma Mərkəzi”nin həmtəsisçisi Ayhan Həsənli “Marneuli” radiosuna bildirdi ki, mərkəzin nümayəndələri Saqareco bələdiyyəsinə büdcə təklifləri/təşəbbüslərini ərizə formasında təqdim ediblər.

“Bizim əsas tələbimiz bunlar idi:
  • Qazlar kəndinin yol probleminin həlli/asfaltlanması;
  • Baldoy kəndin yol probleminin həlli/asfaltlanması;
  • Qaraçöp-Badiaurini birləşdirən yeganə körpünün bərpası;
  • Azlıqların dilində tərcümə xidmətinin yaradılması”.
Həsənlinin dediyinə görə, Qaraçöp İcma Mərkəzi və Sosial Ədalət Mərkəzi əməkdaşlıq çərçivəsində Saqareco bələdiyyəsinə büdcə təşəbbüsü və tövsiyə də təqdim ediblər.
  • “Qazlar kəndinin yol probleminin həlli/asfaltlanması;
  • Necə ki icma daxilində, elə də kənd və rayon arasında içtimai nəqliyyat probleminin həlli;
  • Azlıqların dilində tərcümə xidmətinin yaradılması;
  • Tüllər kəndində uşaq bağçasının tikilməsi;
  • Qaraçöp-Badiaurini birləşdirən yeganə körpünün bərpası”.
Bələdiyyəyə təqdim edilən tələblərdən qəbul edilən və qismən təmin edilən lahiyələrdən də danışan Ayhan Həsənli bildirdi ki, bəzi məsələlərlə bağlı hələ ki cavab almayıblar.

“Daxil olunan tələblərdən tam olaraq qəbul edildi:
  • Qazlar kəndinin yol probleminin həlli/asfaltlanması;
  • Qaraçöp-Badiaurini birləşdirən yeganə körpünün bərpası;
  • Ləmbəli kəndində uşaq bağçasının tikilməsi;
  • Necə ki icma daxilində, elə də kənd və rayon arasında içtimai nəqliyyat probleminin həlli;
  • Qismən qəbul olundu:
  • Baldoy kəndin yol probleminin həlli/asfaltlanması;
Onlar indiki mərhələdə tərcümə xidmətinin yaradılması ilə bağlı tələbə son cavabı verməyiblər. Lakin müzakirə prosesində Qaraçöp icma mərkəzinin təmsilçiləri məclis üzvlərinin əks fikirləri və sözlü müqaviməti ilə üzləşdi”.

“Qaraçöp İcma Mərkəzi”nin nümayəndəsi hesab edir ki, yerli özünüidarəetmənin fəaliyyətinin bütün mərhələlərində əhalinin yüksək iştirakının təmin edilməsi həyati əhəmiyyət kəsb edir.

Qeyd edək ki, 30 oktyabr tarixində Saqareco bələdiyyəsinin Qaraçöp icmasının Qazlar kəndində kənd yığıncağı keçirilib. Görüş “Qaraçöp İcma Mərkəzi” tərəfindən təşkil edilib. Yığıncağın əsas məqsədi kənddə mövcud olan problemlərin və ehtiyacların əhali ilə müzakirə edilməsi, daha sonra isə əhalini narahat edən məsələlərin yerli özünüidarəetmə orqanlarının gündəliyinə salınması idi. Görüşdə iştirak edən kənd sakinləri prioritet olaraq içməli su və yol problemini dilə gətiriblər.

Print E-mail
FaceBook Twitter Google