Mütəşəkkil dəstə tərəfindən külli miqdarda narkotik vasitələrin
satışından əldə etdiyi qanunsuz gəlirləri leqallaşdırmaqda təqsirli
bilinən 10 nəfər tutulub.
Gürcüstan Prokurorluğunun məlumatına görə, İran İslam Respublikası
vətəndaşı narkotik vasitələrin satışı və ondan əldə etdiyi qanunsuz
və əsassız gəlirlərə hüquqi sifət vermək məqsədilə mütəşəkkil
cinayətkar qrup yaradıb.
İstintaqın məlumatına görə, qrup maddi səmərə əldə etmək məqsədilə
xüsusilə külli miqdarda qanunsuz və sənədsiz mənşəli əmlakı
leqallaşdırmaq niyyətində olub; Mütəşəkkil dəstənin üzvləri
arasında cinayət əməli nəticəsində əldə edilmiş əmlakın
maskalanmasına və narkotik vasitələrin satışından əldə edilən
gəlirlərin hüquqi formada iqtisadi dövriyyədə toplanmasına xidmət
edən funksiyalar bölüşdürülüb.
İstintaqın məlumatına görə, narkotik vasitələrin satışından əldə
edilən gəlirlə təşkil olunmuş dəstənin başçısı Tbilisidə başqa
şəxslərin adına üç müxtəlif ünvanda restoran və gecə klubu biznesi
ilə məşğul olub. Klub biznesinin məqsədi narkotik vasitələrin
satışı və ondan əldə edilən qanunsuz mənşəyi ört-basdır etmək və
yumaq idi.
“Mütəşəkkil dəstə üzvləri adları çəkilən klubların əldə
etdikləri gəlirləri süni şəkildə artırıblar, xüsusən də 2023-cü
ilin oktyabr ayında təqsirləndirilən şəxslər cəmi 5 gün ərzində 3
milyon 000 lari gəlir əldə ediblər ki, bu yolla pulun mənşəyi
narkotik maddə satışı nəticəsində maskalanıb. Pulun bir hissəsi
müxtəlif vaxtlarda cinayətkar qrupun üzvlərindən birinin bank
hesabına yatırılıb. Sonuncu xaricə pul köçürmələri və kriptovalyuta
mübadiləsi əməliyyatları həyata keçirib”, -
prokurorluq bildirir.
İstintaqın məlumatına görə, mütəşəkkil qrupun digər üzvləri
narkotiklərin satışından əldə etdikləri vəsaitlə sistemli şəkildə
müxtəlif növ kriptovalyutalar alıb, mütəşəkkil dəstənin rəhbəri isə
sonrakı satışdan əldə etdiyi pulları nağdlaşdırıb.
“Sözügedən cinayət fəaliyyəti nəticəsində mütəşəkkil
dəstənin başçısı cinayətkar dəstə üzvlərinin tapşırığına əsasən
bahalı daşınmaz əmlak əldə edib. O cümlədən, mütəşəkkil dəstənin
rəhbəri Tbilisidə və Gürcüstanın müxtəlif ərazilərində özünün və
təqsirləndirilən şəxslərin təsis etdiyi şirkət adından 2 000 000
(iki milyon) lariyə yaxın yaşayış mənzilləri, ticarət obyektləri və
torpaq sahəsi alıb. Həmin dövrdə mütəşəkkil dəstə üzvlərinin adına
təxminən 800 min lari dəyərində lüks avtomobillər alınıb. Narkotik
vasitələrin satışından əldə edilən vəsait hesabına yuxarıda qeyd
olunan əmlakların dəyəri tam ödənilib. Prokurorluq bildirir ki,
mütəşəkkil dəstənin üzvləri xüsusilə külli miqdarda gəlir və pul
şəklində 3 milyon laridən artıq daşınmaz əmlak əldə
ediblər", - prokuratura qeyd edir.
İstintaq çərçivəsində təqsirləndirilən şəxslərin mülkiyyətində olan
daşınmaz və daşınar əmlaklara həbs qoyulub. Prokurorluq cinayət
mənşəli əmlakın dövlət xeyrinə müsadirə olunmasını təmin etmək üçün
müvafiq hüquqi prosedurları həyata keçirəcəyini bildirir.
İstintaqın versiyasına görə, 2024-cü il iyunun 10-da mütəşəkkil
dəstənin üzvləri ilə cinayətkar əlaqədə olan şəxs Marneuli
rayonunun Kirəc Muğanlı kəndi ərazisindəki gömrük-keçid
məntəqəsindən İran İslam Respublikasından Gürcüstana qarpız gətirib
və qutulardakı gizlədilmiş yerlərdən 25,4 min qram narkotik vasitə
qanunsuz yolla əldə edilərək, xüsusilə külli miqdarda marixuana
saxlanılıb.
Saxlanılanlara qarşı qeyri-qanuni gəlirlərin leqallaşdırılması və
mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda narkotik
vasitənin Gürcüstana qanunsuz gətirilməsi faktları ilə ittiham
irəli sürülüb, 15 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə
tutulub. Prokurorluğun vəsatəti əsasında təqsirləndirilən şəxslər
barəsində artıq həbs qətimkan tədbiri seçilib. Cinayət sxemində
iştirak edən digər şəxslərin müəyyən edilməsi istiqamətində işin
istintaqı davam etdirilir.