4 yaşlı Zabit, Minaya, Zamin, Bahar, Sunar, Səfurə, Tuncay və
onların daha bir neçə həmyaşıdı 15 sentyabrda bağçaya gedə
bilməyib.
Birinci Kosalı sakinlərinin məktəbəqədər təhsil müəssisəsi yoxdur.
Onlara yaxın kənddə isə yerlər dolub. Sakinlər deyirlər ki,
illərdir, bu vəziyyətə uyğunlaşıblar. Evə qapanmış uşaqları tez-tez
küçədə gəzməklə və ya qumla oynamaqla əyləndirirlər. Bir yerə
toplaşmaq onlar üçün nadir dəbdəbədir. Çünki kənddə yaşayan ailələr
heyvandarlıqla, yaxud bağçılıqla məşğuldurlar. Yerli sakinlər
bildirirlər ki, uşaqların bağçada əldə edə biləcəkləri baza
biliklərini evdə verə bilmirlər.
“Uşaq bağçamız yoxdur, ailədə isə kiçik uşaqlarımız
var. Uşaqlar məktəbə hazırlıqsız gedirlər. Biz isə istərdik ki,
kənddə bağça olsun, uşaqlarımız getsin, davranış qaydaları
öyrənsinlər. Bağçaya qeydiyyatdan keçməmişik, Kəpənəkçidə bir bağça
var və uşaqları oraya apara bilmirik. Bildiklərimizi öyrədirik,
bilmədiklərimizi də öyrədə bilmirik. Əlavə heç nə edə bilmirik,
uşaqlar təhsil ala bilmir və hamımız belə qalırıq. Bütün günü uşaq
nə etsin? – Heç nə. Oynayır, oynamasa da dəcəllik edir, ağlayırlar.
Yedizdirirsən, yatızdırırsan, başqa nə edəsən?”
“Bəzi ailələr uşaqları qonşu kəndə, Kəpənəkçiyə aparırlar. Ən az 10
larilik yanacaq süzməlisən ki, hər gün uşaqları aparasan. Bu ailədə
iqtisadi problemlər yaradır. Biz də istəyirik ki, uşaqlarımız
bağçaya getsin və təhsil alsınlar, inkişaf etsinlər. İctimaiyyətə
adaptasiya olsunlar. Uşaq evdən məktəbə birbaşa, hazırlıqsız
getməsin. Bütün lazımi mərhələləri keçsin. Bunlar hamısı uşağın
həyatında yeniliklərə yaxşı təsir göstərir”.
“Beş nəvəm var, hamısı bağça yaşındadır. Qonşu kəndlərdə bağçalar
dolub. Kənddə yaşayıram, işimiz çoxdur, uşaqlara lazımi qədər vaxt
ayıra bilmirik”.
Kosalı Marneulidə uşaq bağçası problemi olan yeganə kənd deyil.
Bələdiyyə miqyasında ümumilikdə 84 kənd var. Ancaq 14 bağça
fəaliyyət göstərir. Marneulidə hər il onlarla uşağın məktəbəqədər
təhsil hüququ əlindən alınır. Bu il vəziyyət daha da çətindir. Hər
il 200-dən artıq uşaq qəbul edən iki bağça təmir işlərinə görə
bağlıdır. Mövcud vəziyyəti Marneuli Uşaq Bağçaları Birliyinin sədri
Zaur Kərəmov da təsdiq edir və bildirir ki, yeganə çıxış yolunu
indi bağçalarda nəzərdə tutulduğundan artıq uşaq qəbul etməkdə,
köməkçi heyətin əlavə edilməsində görür. Eləcə də 5 məktəbəqədər
hazırlıq mərkəzinin əlavə edilməsi planlaşdırılıb. Onun sözlərinə
görə, 9 yeni bağçanın tikintisi planlaşdırılır.
Marneulidə 9 yeni bağça tikilənə qədər, hələ ki, reallığımız
belədir. Bu il 300-ə yaxın uşağın baza təhsil hüququ əlindən
alındı. Bu qeydiyyatdan keçirilmiş uşaqların statistikası əsasında
olan məlumatdır. Ancaq ümumiyyətlə qeydiyyatdan keçməmiş uşaqlar
barədə məlumatımız yoxdur.