Marneulidə 15 yaşlı qızı nişanlayıblar – Samirə Bayramova
Marneulidə 15 yaşlı qızı nişanlayıblar. Bu barədə mülki fəal Samirə Bayramova sosial şəbəkədə məlumat paylaşıb.

Hadisə Marneuli şəhərinə yaxın kəndlərdən birində baş verib. Bayramova “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, artıq müvafiq quruma məlumat verib. Mülki fəalın sözlərinə görə, problemin qarşısının alınmaması səbəblərindən biri cəzasızlıqdır.

“Son illərdə təəssüf ki, bu tendensiya artıb. Buna səbəblərdən biri yəqin müvafiq reaksiya göstərilməməsidir. Biz bilirik ki, yetkinlik yaşına çatmamış şəxslərin müdafiəsi baxımından problemlərimiz çoxdur. Onlara müvafiq dəstək və xidmət göstərilmir. Ləng aparılan istintaq prosesi və orada digər amil də var ki, konkret halların gizlədilməsinə cəhd göstərirlər. Bu da istintaq prosesinə mane olur. Biz konkret cinayətlə bağlı kiminsə cəzalandırılmasını görmürük. Bəli, istintaqa başlanılır, media maraqlanıb işıqlandırır, amma bununla da bir-iki günə bitir, təəssüf ki, məsələ belə başa çatır. İndiki hadisədə mən Daxili İşlər Nazirliyinin İnsan Hüquqları Departamentinə məlumat verdim. Onlar bu mövzuda çox fəal işləyirlər və ümid edirəm ki, tezliklə reaksiya göstəriləcək”.

Gender məsələləri üzrə yerli mütəxəssis Nona Samxaradze 15 yaşlı qızın nişanlanması faktına münasibət bildirib. O, qeyd edib ki, bu son dövrdə gizlin şəkildə nişanlandırılma ilə bağlı eşitdiyi ilk hal deyil. Problemin həll olunmamasının mühüm səbəblərindən biri olaraq isə ailə üzvləri tərəfindən azyaşlıya psixoloji təzyiqi qeyd edir.

“Mərkəzdə, yuxarıda, Daxil İşlər Nazirliyində çox həssas adamlar işləyirlər və ürəkləri ağrıyır, amma yerində belə həssas adamlarımız yoxdur. Polisləri və digər sahələri, müəllimləri, direktorları, sosial işçilər və ya yerli özünüidarə nümayəndələrini nəzərdə tuturam. Yerində hazırlıqlı adamlarımız yoxdur. Hamı susur, yalnız təəccüblənirik, başqa heç nə. Bu yaxında da 15 yaşlı qızla bağlı hadisə baş vermişdi. Anası onu evləndirirdi. Mən sinif yoldaşından eşitdim, qız evlənmək itəmirdi. Daxili İşlər Nazirliyinə məlumat verdik və elə oldu ki, qız sona qədər validyenlərinə qarşı çıxa bilmədi. Polislərə dedi ki, evlənmirik sadəcə bir-birimizi sevirik, ad günümdür və s. Növbəti gün məncə, həmin qızın nişanı oldu və dedilər doğum günüdür və polis təsdiqləyə bilmədi. Yerlərdə güclənməliyik. Başqa yerlərdə Marneulidə kimin 15 yaşında evlənməsi ilə heç kim maraqlanmır. Biz, yerlilər bunun yolverilməz olduğunu deyənə qədər bunun rezonansa səbəb olacağını gözləməyək. Marneuli və Kvemo Kartlidən başqa bu məsələ heç kimi narahat etmir. Statistika yazacaqlar, hesabatlar yazılacaq və s. Biz isə yanımızda qızların hüququnu necə əllərindən aldıqlarını və onlara psixoloji təzyiq göstəridiklərini görürük”.

Nişanlanma faktı ilə bağlı artıq Xalq Müdafiəçisi Aparatı araşdırmaya başlayıb. “Marneuli” radiosu DİN-dən məsələni araşdırmağa çalışır. Cavab alan kimi material yenilənəcək.


Print E-mail
თეგები: Samirə Bayramova
FaceBook Twitter Google