Kətana köçürülmüş rəngli aləm – özü öyrənən Marneulili rəssam
“Çox yorğun olan zaman çəkirəm” – Marneulili Xəyalə Mustafayeva üçün rəsm mənəvi rahatlığın ən yaxşı vasitələrindən biridir.




Rəsm çəkməyi özü-özünə öyrənən rəssam özündə yaradıcılıq bacarığını uşaq yaşlarından kəşf edib. İki il əvvəl, pandemiya dövründə ona hədiyyə edilmiş boyalarla, kosmetika fırçaları ilə işləməyə başlayıb və kətan üzərində rəsmlər çəkib. Xəyalə Mustafayeva Marneuli şəhər 8 saylı ictimai məktəbində Tətbiqi və Təsviri İncəsənət müəllimi işləyir. Sevimli hobbisindən isə işində fəal olaraq istifadə edir.



“Kətanda çəkməyə başlayana qədər, uşaqlıqdan kağız üzərində işləyirdim. Kətan üzərində təxminən 50 rəsmim var. Gah yağlı boya ilə, gah akrillə, gah da akvarellə çəkirəm. İki il əvvəl Azərbaycan səfirliyi rəsm sərgisi keçirmişdi (müsabiqə), orada diplom aldım, mənə rəsm üçün yağlı boyalar hədiyyə etdilər, kətanda ilk rəsmimi ondan sonra çəkdim. Pandemiya zamanı Tbilisiyə gedə bilmirdim, kosmetika fırçaları ilə çəkirdim”.

Rəssamın rəsmlərində çoxlu nar görə bilərsiniz. Özünün dediyinə görə, ən çox nar çəkməyi sevir.

Xəyalə Mustafayeva ilk fərdi sərgisini Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində bir neçə ay əvvəl keçirib. Sərgidə onun rəsmlərini ilk dəfə satmaq imkanı olub.




“Nar çəkəndə məni sakitləşdirir. Rəngli şeyləri sevirəm. Bir neçə ay əvvəl şagirdlərim sərgimə gəlmişdilər və o qədər motivasiya alıblar, həmişə deyirlər, müəllim, biz də rəssam olmaq istəyirik. Məktəbdə elə ürəklə işləyirlər ki, bilmirəm. Çox istəyirəm, özümün rəssamlıq üçün məkanım olsun, uşaqlarla daha geniş şəkildə işləyim”.


ფოტო: ხაიალა მუსტაფაევა

Özü-özünə öyrənən rəssam gələcək planlarını yerli səviyyədə rəsm akademiyası yaratmaq və Marneulidə fərdi sərgisini keçirməklə əlaqələndirir.



Print E-mail
FaceBook Twitter Google