Təkəli sakinlərinin merlə görüşü baş tutmadı – Tbilisidə aksiyalar anons edilir
30.11.2022
Təkəli sakinləri 29 noyabr tarixində kənddə keçirilmiş etiraz
aksiyasından sonra 30 noyabr tarixində meriya ərazisinə
toplaşıblar.
Onlar səhərdən Marneuli meri Kənan Ömərovla görüş və
kənd-təsərrüfatı torpaqlarının başqasına verilməsi məsələsininə
aydınlıq gətirilməsini tələb edirdilər. İki saatdan artıq davam
edən aksiyada Təkəli sakinlərinə cavab verən olmadı. Sakinlərlə
görüşə meriyanın İnzibati Xidmət rəhbərinin səlahiyyətlərini icra
edən Mamuka Şubitidze çıxıb və Təkəli sakinlərinə məsələni
aydınlaşdırmaq üçün meriyaya gəlməyi təklif edib. Ancaq görüşün
mətbuat nümayəndələri olmadan keçirilməsini istəyib.
“Əgər sizi narahat edən işlə bağlı danışmaq istəyirsinizsə, mer
görüşməyə hazırdır. Gələn kimi mən aşağı endim və sizə təklif etdim
ki, 4-5 nəfər yuxarı gəlsin, oturub danışaq. Televiziyalar (media)
çıxarsa, problem deyil, görüşdən sonra müsahibə də verərik. Sizin
kimi biz də şərh bildirərik”, – Mamuka Şubitdze
bildirib.
Təkəli sakinləri bildirirlər ki, meriyaya mətbuat nümayəndələri
olmadan daxil olmaq istəmirlər. Aksiya iştirakçıları meriya
ərazisini tərk ediblər və Tbilisidə aksiya keçirəcəklərini elan
ediblər. Onların sözlərinə görə, kəndin maraqlarını qorumaq üçün
Tbilisiyə, dəftərxanaya gedəcəklər.
“Biz daha sizə güvənmirik. Çəkilişsiz girmək istəmirik.
Nəyə görə çölə çıxmırlar? Əgər düz adamdırsa, xəbəri yoxdursa, çölə
çıxsın”.
“Biz Tbilisiyə, Azərbaycan səfirliyinə kimi gedəcəyik. Kənd əhalisi
nə ilə dolansın? Bu qədər xalqa kömək lazımdır. Deyirlər 5-6
nəfərlə çıxın yuxarı, qalan adamları buraxmırlar”.
“Bizə etdiyi hörmətə bax. Bizə cavab vermir. Səs vermək lazım
olanda qapı-qapı gəzir – “Bizə səs verin, bizə səs verin”, biz
onlardan heç nə də tələb etmirik. Torpağımızı tələb edirik. Ölsək
də, torpağımızı istəyirik”.
“Çıx çölə! Cavab ver! Müsəlmansan!”
“Bizə təklif etdikləri torpaqda su yoxdur, xeyirli torpaq deyil.
Mən gedib 10 km uzaqda torpaqmı əkməliyəm?!”
Yerli sakinlər bildirirlər ki, Kvemo Kartli Dövlət Müvəkkili Qiorqi
Doxturişvili məsələ ilə bağlı məlumatlıdır. O, bir neçə gün əvvəl
yerli sakinlərlə görüşüb. Sakinlər isə bildirirlər ki, torpağın
başqasının istifadəsinə verilməsi haqqında yeni məlumat alıblar.
Söhbət 32 hektar torpaq sahəsindən gedir. Sakinlər hər il məhsul
becərmək üçün həmin torpağı şumlayır və bir hektara illik icarə
haqqı olaraq 102 lari ödəyirmişlər. Onlar qorxurlar ki, kəndin
yeganə gəlir mənbəyini əllərindən alarlar.
“Marneuli” radiosu hələ də özəl şəxslərə verilmiş torpaqlardan
sakinlərin necə istifadə edə biləcəyini, alternativin
olub-olmamasını və qeyd olunan vəziyyətdən irəli gələrək yerli
sakinlərin maraqlarının necə nəzərə alınacağını müəyyənləşdirməyə
çalışır.