Tehranın bədnam Evin həbsxanasında saxlanan fəal xəstəliyinə görə
tibb ocağına köçürüləndə 12 gün ərzində xəstəxana çarpayısına
zəncirlənib,
onun vəkili və ailəsi ilə əlaqə saxlamasına icazə verilməyib. Bu
haqda İran Müəllimlər Birliyi Koordinasiya Şurasının həbsdə olan
sözçüsünün məktubu yayılıb.
Şura Cəfər İbrahiminin məktubunu noyabrın 28-də dərc edib. Qurum
bildirib ki, bu, “həbsxana məmurlarının xəstə məhbusa mənfur
münasibəti”nin göstəricisidir.
“Onlar xəstəxananı mənim üçün həbsxanadan betər yerə
çevirdilər”, – İbrahimi məktubunda yazır. O,
qohumları və vəkillərindən xəbərsiz saxlanıldığını bildirir.
Evin həbsxanası məhbuslarla qəddar rəftara görə ad çıxarıb.
İranda işlədiyini iddia edən “Edalat-e Ali” adlı haker qrupu martda
“rejimin əsl üzü”nü açmaq üçün bu həbsxanadakı qeyri-insani şəraiti
göstərən video yayıb.
İbrahimi müəllimlər birliyinin digər fəalları – Rəsul Bodagi, Əli
Əkbər Bağani və Məhəmməd Həbibi ilə birlikdə aprelin 30-da
təhlükəsizlik agentləri tərəfindən saxlanıb. Bu, İranda Müəllimlər
Günü ilə üst-üstə düşən May günündə bir neçə şəhərdə nümayişlər
öncəsi baş verib.
Fəallar etirazları Fransa müəllimlər birliyinin rəsmisi Sesil
Kohler (Cecile Kohler) və onun tərəfdaşı Jak Parislə (Jacques
Paris) koordinasiya etməkdə suçlanıblar.
İran sözügedən Fransa vətəndaşlarını etirazçı iranlı müəllimlərlə
əlaqələndirməyə çalışır. Həbslər isə etirazları gözdən salmaq,
onları dayandırmaq üçün müəllimlərə təzyiqi artırmaq cəhdi kimi
dəyərləndirilib.
İran rəsmiləri həmin şəxslərin “xaos səpmək və cəmiyyətdə
sabitsizlik yaratmaq üçün ölkəyə girməkdə” ittiham edir.