"Kimə zəng vurublar, deyiblər ki, heç kəsə bildirmə", — Samirə Bayramova Parlament sədri ilə görüş barədə
Gürcüstan Parlamentinin sədri Marneuli
gəncləri ilə qapalı görüş keçirib.
Görüşdə əsasən “Gürcü Arzusu”nun fəalları və
Marneuli meriyasının əməkdaşları iştirak ediblər.
Arçil Talakvadze ilə görüşdə Samirə Bayramovanın da iştirak etməsi
hər kəsi bir qədər təəccübləndirib. Bayramovanı görüşə Parlament
sədri özü dəvət edib, belə ki, onlar uzun müddətdir ki,
tanışdırlar.
“Görüşdən bir gün əvvəl xəbərim oldu. Bununla bağlı
Parlament sədri özü mənə yazdı. Mən onunla gender və erkən evlilik
sahəsində əməkdaşlıq etmişəm, belə ki, Arçil əvvəllər Daxili İşlər
Nazirliyində çalışırdı. O, bilirdi ki, regionda bu məsələlərlə
bağlı işləyən yerli fəal var və mənim bu görüşdə iştirak etməyimdən
şad olardı”, – Samirə Bayramova deyir.
Bayramova qeyd edir ki, onda olan məlumata görə, görüşü Marneuli
meriyası təşkil edib və onların görüşdə Samirə Bayramovanın iştirak
edəcəyindən xəbəri olmayıb.
“Təəssüf ki, görüşə yerli fəallar dəvət olunmamışdı və
görüşdə sadəcə universitetlərdə təhsil alan, seçkiöncəsi
proseslərdə az-çox iştirak edən gənclər iştirak edirdilər. Bu
gənclər ictimaiyyətin tanıdığı və Parlament sədri kimi insanlarla
görüşüb Marneuli gəncləri üçün aktual olan problemlərdən danışacaq
fəal gənclər deyillər”, – Samirə Bayramova deyir.
Bayramova bizimlə söhbətində qeyd etdi ki, görüş zamanı o,
Parlament sədrinin səfəri barədə sakinlərə və fəal gənclərə məlumat
verilməməsinə etiraz edib.
“Orada başa düşdüm ki, kimə zəng vurublarsa, hamısına
gec zəng vurublar və tapşırıblar ki, görüş barədə heç kəsə məlumat
verməsinlər”, – Samirə Bayramova deyir.
Marneulili fəalın sözlərinə görə, Parlament sədri Marneulili
fəallarla görüşməyə hazır olduğunu bildirib və deyib ki, bu görüş
yalnız tanışlıq xarakteri daşıyırdı və Marneulililərlə yenə geniş
tərkibli görüş keçirəcək.
"Marneuli" Radiosu