Marneulidə qanunsuz zibilliklər problemi və bələdiyyənin planları
Qasımlı kəndi Marneulidən təqribən 30 kilometr məsafədə yerləşir. Kəndə gedənə qədər başa düşmək olur ki ,Marneulidə bir çox qeyri-qanuni zibillik var və bu zibilliklər yaşayış evlərinə çox yaxın yerləşir.

Qasımlı kəndi də bu baxımdan istisna deyil, zibillikdə uşaq bezlərinə, şüşə və plastik su qablarına, şüşə parçaları, məişət texnikası, heyvan və quş cəsədinə rast gələcəksiniz. Əhali sanki mövcud vəziyyətə uyğunlaşıb və zibilliyə hər gün yeni tullantılar əlavə olunur.



Mövcud vəziyyəti isə zibil qutularının olmaması ilə izah edirlər. Məhz bu tullantılar tez-tez oradan axan suvarma kanalına düşür. Əhali isə həmin su ilə müxtəlif məhsulları suvarır.

Gürcüstanın aqrar bazarlarında isə Marneulinin pomidoru xüsusi yer tutur və ticarətçilər də bunu natural və təhlükəsiz məhsullardan biri hesab edirlər. Demək olar ki, Marneulili əhalinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğuldur və hamı kənd təsərrüfatı məhsullarını çirkli su ilə suvarmalı olur.



“Bizdə zibili su kanalına və yola da atırlar. Mən özüm məhsulu suvaran zaman yüz cür tullantı gəlir və bununla məhsul yetişdirirəm. Qutular da yoxdur ki, kiməsə irad bildirək” – Hafiz Yusubov deyir.

“Hər hansı zibili su kanalına atırlar. Bu isə kəndin çirklənməsinə səbəb olur. Heç yerdə zibil qutusu qoyulmayıb. Haraya istəyirlər oraya da atırlar. Bu sudan isə məhsul və məişət işlərində istifadə edirik”, – İlyas Səfərov deyir.

“Uşaqların bezini də suya atırlar. Susuz nə edə bilərik. Məhsul becərmək üçün də bu sudan istifadə edirik və mal-qaraya da bu suyu içiririk”, – Qulu Əsgərov deyir.


Əhalinin çirkli su ilə məhsul yetişdirməsindən əlavə ev heyvanları da evlərin qarşısına atılan tullantılarla otlayır. Elə hallar olub ki, iribuynuzlu mal-qara atılan iynələrdən və ya plastik torbalardan boğulub. Çox hallarda ev quşları da tullantılarla qidalanır, sonra bu toyuqlar, qaz və ördəklər sahibinin yaxud bazardakı müştərinin əsas qidasına çevrilirlər.



Marneuli bələdiyyəsində 83 kənd var və qeyri-qanuni zibilliklərin sayı 86-dan artıqdır. Demək olar ki, Marneulinin hər bir kəndində minimum bir zibillik var. Doğrudur yerli meriya zibilliklərin təmizlənməsinə başlayıb və indiyə qədər təqribən 20 kənddə təmizlənib, ancaq təmizliyin qorunması zəmanəti aşağıdır. Bələdiyyənin balansında cəmi 580 zibil konteyneri və 11 zibil daşıyan maşın var, bu isə yetərli deyil.

Tullantılarla çirklənmiş mühit ilk növbədə sağlamlığa mənfi təsir göstərir. Bunu Qafqaz Ekoloji Qeyri Hökumət Təşkilatları Şəbəkəsinin CENN-nin “tullantıların emalı proqramının” rəhbər müavini Nino Tevzadze də təsdiqləyir.

“Çox hallarda qeyri-qanuni zibilliklər çay və su obyektlərinin yaxınlığında yerləşir. Təbiidir ki, belə yerlərdə yetişdirilən məhsul və bu su ilə suvarılan kənd təsərrüfatı məhsulu sağlamlığa yararlı deyil. Ona görə də fəal tədbirlər görülməlidir. Bizdə plastik əşyalardan böyük miqdarda istifadə olunur. Onlar arasında birdəfəlik əşyalar çoxdur və ətraf mühitdə onlar məhv olub çürümürlər. Təəssüf ki, bu tullantılar yenidən bizim qida zəncirimizə düşür və sağlamlıq üçün ciddi problemlər yaradır”, - Nino Çxobadze deyir.



Tevzadze hesab edir ki, yerli əhali ilə çalışmağın böyük əhəmiyyəti var. Xüsusilə məktəb mərhələsindən buna başlamaq lazımdır. CENN dəfələrlə məhz bu istiqamətdə kampaniyalar, seminarlar və təlimlər keçirib ki, əhali özü səhv hərəkət etdikdə hansı təhlükə ilə qarşılaşacağını başa düşsün.

2019-cu ilin bir fevralından tənzimləmə qüvvəyə minib və ona əsasən bələdiyyədə tullantıların ayrı-ayrı toplanması üçün müvafiq infrastruktur qurulmalıdır.

Kağız, alüminium, şüşə və plastik tullantıları toplamaq üçün bələdiyyədə müvafiq yer ayrılmalıdır və vətəndaş tullantıları oraya atmalıdır.

Marneuli meriyası üzvi tullantıların emalı üçün beşillik plan işləyib və plana çeşidləmə və emal məsələləri də daxildir. Marneuli bələdiyyəsinin İnformasiya və Statistika Şöbəsinin rəhbəri İrine Macaraşvili deyir ki, Marneuli üçün tullantıların emalı üstünlüklərdən biridir.

“Tullantıların emalı mərhələli şəkildə olur. Məişət tullantıları ilə bağlı beşillik fəaliyyət planı hazırlamışıq və orada çox mərhələlər qeyd olunub. Müvafiq olaraq burada çeşidləmə sahələri də nəzərə alınıb. Marneuli bələdiyyəsinin ərazisində olan problemləri araşdırmışıq və üstün məsələləri qeydə almışıq. Onlar arasında çeşidləmə də var”, - İrine Macaraşvili deyir.

“Yaşıl hərəkat/Yer kürəsinin dostları”nın sədri Nino Çxobadze Marneuli bələdiyyəsində müəyyən qədər tullantıların çeşidlənməsi mexanizminin qüvvəyə minməsi faktını müsbət dəyərləndirir. Ancaq o, əsas problem olaraq mövcud texnikanın az olmasını və büdcənin uyğun olmamasını qeyd edir.

“Yaşıl qutularla bağlı problem var və zibili hara aparaq sualı eşidilir. Beşillik fəaliyyət planında çeşidlənmə məsələsi mütləq qeydə alınmalıdır. Zibil daşıyan maşınlar ayrı olmalıdır ki, bunu toplasın. Bir maşına bütün zibilləri toplamaq olmaz. Bu yalnız Marneulinin problemi deyil. Bu bütün Gürcüstanın problemidir. Real olaraq bələdiyyələrdə texniki təminat çatışmır”, - Nino Çxobadze deyir.

Çxobadzenin dediyinə görə, Marneulidə və ümumiyyətlə Gürcüstanda olan ən böyük problem büdcəyə qoşulmadır. Büdcədə beşillik plana yazılacaq üstünlüklərin həyata keçirilməsi üçün məbləğin yazılması vacibdir. Əks halda çeşidləmə yalnız formal şəkildə olacaq və real nəticə əldə edə bilməyəcəyik. Çeşidləmə sistemini idarə etmək isə Avropa İttifaqı ilə bağlanan razılşamaya əsasən öhdəlikdir, bu isə deməkdir ki, əhalinin daha çox təhlükəsizliyi və daha yaxşı sağlamlıq durumu olacaq. Çeşidləmənin və tullantıların emalının səmərəli şəkildə həyata keçirilməsi isə zibilin kütləsini azaldacaq.




Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər