Bu gün, 16 sentyabr tarixində Marneulinin
ictimai məktəblərində 1800-ə qədər uşaq birinci sinfə qədəm
qoyub.
Bələdiyyədə cəmi 74 məktəb fəaliyyət göstərir. Ancaq onlardan
ikisi, Ağqula və Opreti kəndlərinin məktəbləri bu il birinci sinif
şagirdlərini qəbul edə bilməyib. "Marneuli" radiosu ilə söhbəti
zamanı Marneuli Resurs Mərkəzinin rəhbəri Kənan Ömərov bildirir ki,
belə hal ilk dəfə baş vermir. Ağqula kənd məktəbində artıq üç ildir
ki, birinci sinif şagirdləri yoxdur.
Marneulinin 1 saylı ictimai məktəbi tədrisə yeni tikilmiş binada
başlayıb. 1 saylı məktəb üç il ərzində Marneulinin 8 saylı ictimai
məktəbinin binasına köçürülmüşdü. Məktəbin tikintisi üçün elan
olunan tender təxminən 5 dəfə baş tutmamışdı. Amma yekunda məktəbin
tikintisi 2019-2020-ci tədris ili üçün mümkün oldu.
Resurs Mərkəzin rəhbəri bizimlə söhbəti zamanı bildirdi ki,
Marneulinin 17 məktəbində qismən təmir-bərpa işləri aparılıb,
indiki mərhələdə isə 8 məktəbdə tikinti/bərpa işləri
planlaşdırılır.