AZƏRBAYCAN ƏDƏBİYYATINDA GÜRCÜLƏR – 7 ƏSƏR ƏSASINDA
“Gürcü ədəbiyyatında borçalılar” adlı yazım İndiqo saytında dərc olunduqdan sonra, oxucular yazdıqları rəylərdə Azərbaycan ədəbiyyatında gürcü personajları ilə maraqlandılar. Həmin maraq məni qarşıdakı məktubu yazmağa sövq etdi ki, bunun üçün onlara təşəkkürümü bildirirəm.

Məsələyə bilavasitə toxunmazdan əvvəl, oxuculara Azərbaycan ədəbiyyatı mütəxəssisi olmadığımı deməliyəm, beləki, burda təqdim edilən misallar daha çox bir oxucunun müşahidələridir, tədqiqatçının deyil. Bu səbəbdən burda söylənilən fikirlərin ilkinliyini iddia edə bilmərik.

Azərbaycanın bu günkü ərazisində mövcud xanlıqlar və şahlıqların istər vahid, istərsə də krallıq və bəyliklərə bölünmüş Gürcüstanla sıx əlaqələri vardı. Həmin əlaqələr siyasi (qohumluq, vassallıq, mütəffiqlik ya didişmək) olması ilə yanaşı mədəni-ədəbi xarakter də daşıyırdı. Qurucu Davit tərəfindən (Davit Ağmaşenebeli) “Xanəgah” yaratmaq da bundan xəbər verir. Həmin “Xanəgah”-da ehtimal ki, şeir “festivalları” və söhbətlər keçirilirdi. Bundan əlavə, gürcü alimi Ş. Nutsubidzenin “Rustaveli və şərq renessansı” başlıqlı elmi işində göstərdiyi kimi ədəbi renessans Şirvanda yaranmış və Gürcüstan İran-Ərəb mədəniyyətinin qabaqcıl ideologiyasını məhz ordan mənimsəmişdir. Sonralar Kartl-Kaxeti və Qarabağ xanlığı müttəfiqlik etməyə başlayırlar. İbrahim-Xəlil Xan İkinci İraklinin Rusiyadan alacağı dividentlərlə maraqlanır və bunun üçün öz vəzirini – məşhur şair – Molla Pənah Vaqifi Tiflisə göndərərək, bir neçə şahəsərin yaranmasına da şərait yaratmış olur. XIX-XX əsrlərdə Tiflis azərbaycanlılar üçün də bir maarif- ədəbi meydandır (Mirzə Şəfi Vazeh, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Ömər Faiq Neymanzadə və b.), Sovet hakimiyyətindən sonra gürcü ədəbi nümunələrinin azərbaycan dilinə tərcümə etməyin vacibliyi haqda Mikayıl Müşfiq yazır ( Rustavelinin yubileyi ilə bağlı “Pələng dərisi geymiş Pəhləvan” əsəri tərcümə olunur).

İndi keçək əsas mətləbə:
Türkdilli xalqların folklor əsərlərində qəhrəmanlıq dastanları böyük yer tutur. Həmin dastanlardan bir neçəsi ümumi türk aləmi üçün əhəmiyyətlidir və beləliklə, onun qəhrəmanı, ya qəhrəmanları türkdilli xalqların coğrafi arealında yaxşı tanınır. Qorqud belə bir “Müdrik/Maq”- dır. Oğuz türk qəhrəmanlarının macəraları məhz onun adı ətrafında toplaşmışdır (Gürcücəyə Elizbar Cavelidze və Qiorqi Şakulaşvili tərcümə ediblər). Dastanın bir neçə əsr ərzində yarandığı ehtimal olunur – oğuzların islamı hələ qəbul etmədiyi vaxtdan ta gecikən orta əsrlərə qədər. Şamanizmə aid fraqmentlər nasixlərin əlində yenidən işlənilərək nəinki islam elementləri ilə əvəz olunmuş, habelə, azərbaycanlı alim Həmid Araslının 15-ci əsrin alimi Əd-Davadariyə istinadən göstərdiyi kimi – “Şəriət” tələblərinə də tabe etdirilmişdir (hərçənd şərab içmək epizodları yenə də qorunmaqdadır –O.K).
Bu dastanın qəhrəmanlarının düşmənləri Tabzonlu yunanlar, gürcülər, abxazlar (abqaz şəklində yad edilibdir –O.K) və ermənilərdir. Oğuz xanları və “Şöklü Məlik” bir-birilərinin ərazilərini basır və qatı ədavət bəsləyirlər. Dirsə xanın müxənnət adamları Gürcüstana üz tutublar. Salur Qazanın oğlu, atasından incimiş Uruz isə onu belə təhdid edir ki, əgər atası ağlamağının səbəbini deməzsə:
“...Qalxıb yerimdәn duraram,
Qara gözlü igidlərimi öz dәstәmә qataram,
Qanlı Abxaz elinә mәn gedәrәm,
Qızıl xaça mәn әl basaram,
Pilon geyәn keşişin əlini öpәrәm...”
Şirvanın böyük şairi və həmçinin dünyaca məşhur Nizami Gəncəvinin müəllimi Xaqani (1120- 1199) qəzəllərinin birində lap Salur Qazanın oğlu Uruz kimi üsyan edir:
“Abxazların qapısını, gedib, döyüm əlimlə?
Rumluların məzhəbinə iqrar edim dilimlə?”


Rübailərinin birində isə „Abxaziya“ ilə birlikdə birbaşa gürcü kəlməsindən də istifadə edir:
“Xaçpərəst, ağbəniz yarın eşqilə,
Danışdım Abxazda gürcücə belə:
O qədər mən ona "moyi"dedim ki,
Döndü dilim tükə, hər tüküm dilə”. (“Moyi” “Modi” – “Gəl” kəlməsinin Qərbi Gürcüstanlılara məxsus olan ləhcə variantı olmalıdır –O.K).
Şair tərəfdən, həm də ki orta əsrlər şairi tərəfindən gürcü kəlməsindən istifadə etmək onun gürcülərlə bilavasitə əlaqəsinin olduğu deməkdir. Xaqani Şirvanşahlar sarayının şairidir və beləliklə, III Manuçehrin həyat yoldaşı Tamarla və onun Gürcüstandan apardığı başının adamları ilə ünsiyyətdə olmalı idi.

Nizami Gəncəvi “Leyli və Məcnun” poemasında gürcüdən olduqca maraqlı məcaz kimi istifadə edir (1141-1209). Məcnunu sevgilisinə qovuşdurmaq üçün Leylinin atası ilə vuruşan Növfəl və onun ləşkərini düşmənlə döyüşdən yalnız gecə ayırır. Burda gecəni əks etdirən kəlmə “Gürcü” dür.
“Siyah tellərini düzdükcə gürcü
Qaraldı get-gedə göylərin bürcü ”. (Tərcümə edəni S. Vurğundur)
Gürcü ilə “Koroğlu” -da da rastlaşırıq (gürcücəyə Zezva Medulaşvili tərcümə etmişdir). Gürcüoğlu Məmmədin adı Dəli Həsən, Dəmirçioğlu, Bəlli Əhməd, İsabalı, Kosa Səfər, Eyvaz, Dəli mehtər kimi igidlərin arasında çəkilir. Əhməd Tacirbaşı tərəfindən casus kimi göndərilmiş ərəb qul Ərəbatı minib qaçanda, onu axtarmağa Koroğlu Dəmirçioğlu və Tanrıtanımazla birlikdə Gürcüoğlu Məmmədi də göndərir. Qulu Ələmquluxanın yanında tapırlar. Gürcüoğlu isə Ələmqulu xanın qızı Ruqiyə xanıma aşiq olur və geri dönmək istəmir:
“Gürcüoğlu Məmməd dedi:
- Dəmirçioğlu, Koroğluya məndən salam yetirərsən. Deyərsən ki, Gürcüoğlu Məmməd oldu eşq dəlisi! Day ondan Koroğlu dəlisi çıxmaz. Məndən ümidini üzsün. Mən dönüb oluram Məcnun. Boynuma bir zəncir bağlayacağam, ucunu da verəcəyəm bu qızın əlinə. Hara çəkir, özü bilər.”
Tiflis və gürcü qadınının gözəlliyi barədə on səkkizinci əsrin məşhur şairi, Qarabağ xanının vəziri – Molla Pənah Vaqif (1717 -1797) çox yazmışdır. II İraklinin sarayına diplomatik missiya ilə gəldikdə şahzadələrdən birinə mədhiyyə də həsr etmişdir. İlk bəndini təqdim edirik:

“Valinin çеşmi-çırağı, vəh nə türfə can imiş,
Külli-Gürcüstanın üstə sayеyi-sübhan imiş,
Düşməni pamal еdən sərdari-valaşan imiş,
Aləmin sərdəftəriymiş, adı Еulоn xan imiş,
Saxlasın Allah pənahında, əcəb оğlan imiş” .
( Bu şeiri gürcücə Zezva Medulaşvili tərcümə etmişdir – O.K).


Vaqifə həmçinin şərti başlıqlı “Kəlisadan çıxar” şeiri də məxsusdur (gürcü tərcüməçisi Konstantine Çiçinadze şeiri başlıqda “Gürcü qadını” adlandırır –O.K). Bu müxəmməsdə gürcü qadınının gözəllyini, geyimini, yerişini tərif etdikdən sonra şair belə “üsyan” edir:
“Vaqifəm, ta ki, gözüm sataşdı оnun qaşına,
İstədi mеhrabü mənbərdən xəyalım daşına,
İndi bildim kim, nə gəlmiş Şеyx Sənan başına,
Ya budur kim, Tiflisi qərq еylərəm göz yaşına,
Оl sənəm vəsli mənimçün ya kəlisadan çıxar”.

„Nə gəlmiş Şеyx Sənan başına“ məsələsini artıq Azərbaycan romantizminin nümayəndəsi Hüseyn Cavidin (1882 - 1941) şeirlə yazdığı dramı - „Şeyx Sənan”-dan öyrənəcəyik.

Şeyx Sənan gürcü qızı Xumara aşiq olur. Xumarın çoxlu pərəstişkarı olsa da (Simon, Anton) evlənmək niyyəti yoxdur və monastıra getməyə hazırlaşır. Onun bu istəyinə atası –Platon və ailənin dostu olan papas (keşiş) qarşı çıxırlar. Şeyxin Xumara olan sevgisinə qarşı müridləri, habelə Platon, keşiş, Simon və Anton da hər vəchlə mane olmağa çalışırlar. Məhz elə keşişin təkidi ilə boynundan xaç asmalı, şərab içməli və donuzları otarmalı olur. “Şeyx Sənan”-da müəllif həm müsəlman, həm də xristian ruhanilərinin həqiqətdən uzaq olmalarından və eşqi unutduqlarından bəhs edir.
Nəriman Nərimanov (1870-1925) “Nadir Şah” dramında “Gürcü bəy” obrazını yaradıb. N. Nərimanov onu İran və Səfəvi sarayının sadiq, ləyaqətli, ağıllı və qorxmaz bir şəxs kimi təqdim edir. Müəllif Gürcü bəyin xristian olduğuna xüsusi diqqət yetirərək özünü müsəlman hesab edən, ancaq tamahkarlıqda tayı-bərabəri olmayan vəzirlərlə qarşılaşdırır.
Nəriman Nərimanov yaradıcılığında Tiflis və Gürcüstan əsas yer tutur.
İsmayıl Şıxlının (1919-1995) “Dəli küründə” Qori şəhərinin müəllimlər seminariyası ilə rastlaşırıq. Süjet Azərbaycanda Kürün kənarında yerləşən kəndlərdən birində -Göytəpədə inkişaf edir. Kəndin patriarxal yaşayış tərzi var və onun üçün də Cahandar ağa tərəfindən oğlunun Qoriyə oxumağa göndərməsi (hətta ümumiyyətlə oxutması belə) qıcıqlıq yaradır. Məhz buna görədir ki, Qoridən qayıdan Əşrəf atasının tələbi üzrə tələbə paltarını Kürün o tayında dəyişməlidir. Yazıçı ədalətsiz qanunların sırınmasına və bununla yanaşı təhsilə, maarifə qarşı olan maneələri də pisləyir. Həmin kəndin iki təhsilli şəxsi – Əhmədlə Əşrəf ikiqat qısqaca məruz qalırlar – həm hökumət, həm də həmkəndliləri tərəfdən. Romanda göstərildiyi kimi Qoridə mütərəqqi düşüncəli insanlar cəm olublar – ruslar və gürcü pedaqoq Mixail Kipiani. Bu sonuncusu çar Rusiyası üçün təhlükəli insanlar siyahısındadır və sonunda Sibirə sürgün edilir. Mixail Kipianinin epizodik görünməsinə baxmayaraq Romanda dərin iz buraxır.
Əlbəttə ki, Azərbaycan ədəbiyyatında gürcü personaJların sayı bununla bitmir . Verilmiş mətnlərin əsasında deyə bilərimk ki, “Dədə Qorqudda” gürcü düşməndir; Nizamidə məcaz; “Koroğluda” igid, qorxmaz və sədaqətli; Xaqani və Vaqifdə mədhə və məhəbbətə layiq; Hüseyn Caviddə - Xumarın simasında, gözəllik və alilik rəmzi; Nəriman Nərimanovda səmimiyyət, sədaqət nümunəsi; İsmayıl Şıxlıda isə ideya uğrunda fədakar, nəcib ruhlu bir insandır.

Oqtay Kazımov – Filoloq, tərcüməçi


ტექსტი: ოქტაი ქაზუმოვი, ფილოლოგი


Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər