Daxili İşlər Nazirliyi insan alveri ittihamı ilə ata və oğlunu saxlayıb
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sərhəd Polisi əməkdaşları Ninotsmindada insan alveri ittihamı ilə iki nəfəri saxlayıb.

Qurumdan verilən məlumata görə, ata və oğul – 1960-cı il təvəllüdlü B.C. və 1994-cü il təvəllüdlü M.C. üç nəfərin alveri ittihamı ilə tutulublar. Törədilmiş cinayətə görə 12 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulur.

“Aparılan istintaq nəticəsində müttəhimlərin 2015-2016-cı illərdə Ermənistan Respublikasının üç vətəndaşına yaxşı iş şəraiti vəd etdikləri, lazımi sənədləri toplamalarına kömək etdikləri və öz avtomobillərində Gürcüstana gətirdikləri məlum olub. B.C. və M.C. həmin şəxsləri Ninotsminda Bələdiyyəsinin kəndlərindən birinin yaxınlığındakı bir mal-qara fermasına gətirib və burada onları təhdid edərək işləməyə məcbur ediblər.

Qurbanların pasportları əllərindən alınıb və ödənişsiz olaraq işləyərək illərdir köləlikdə qalıblar. Bundan əlavə, müttəhimlər qanunsuz olaraq işlətdikləri şəxslərin sərbəst hərəkətini məhdudlaşdırıblar və həm şəxsən, həm də evdə və ətrafdakı ərazilərdə quraşdırılmış kameralarla onları daim izləyiblər",
– qurumdan bildirilir.

Daxili İşlər Nazirliyi cinayətin Ermənistan vətəndaşlarından birinin fermadan qaçmağı bacardığı və Gürcüstan Respublikası dövlət sərhədini qanunsuz olaraq Ermənistan Respublikası istiqamətində keçməyə çalışdığı zaman sərhəd polisi tərəfindən müəyyən edildiyini söyləyib.

Üç nəfərə qarşı insan alveri (traffiking) faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsinin “b” və “e” bəndləri ilə istintaq aparılır.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər