Azərbaycanlı jurnalist Əfqan Muxtarlı Gürcüstan Baş Prokurorluğuna
dindirilməyə çağırılıb.
Bu barədə məlumat qurum tərəfindən "İnterpressNews"-a təsdiqlənib.
Onların sözlərinə görə, Muxtarlı bu gün, 8 aprel tarixində
prokurorluğa gəlməlidir.
"İctimaiyyətə xatırlatmaq istərdik ki, Gürcüstan
Prokurorluğu Əfqan Muxtarlının işi ilə bağlı davam edən istintaq
çərçivəsində, olduğu yerə görə 24 mart 2020-ci il tarixində müvafiq
Alman xidmətlərinə hüquqi yardım üçün müraciət edib. Əfqan Muxtarlı
Baş Prokurorluğun müraciəti əsasında 24 iyul 2020-ci ildə
Almaniyada müvafiq xidmətlər tərəfindən dindirilib. Dindirmə
protokolu və müvafiq materiallar Almaniyadan 1 oktyabr 2020-ci il
tarixdə Gürcüstan Prokurorluğuna göndərilib və cinayət işinə əlavə
edilib.
İş üzrə Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin (qanunsuz
azadlıqdan məhrum etmə) birinci hissəsi ilə istintaq
aparılır”, – deyə qurumdan bildirilib.
Məlumat üçün bildirək ki, Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidə
yoxa çıxıb. Sonradan onun Azərbaycanda olduğu məlum olub. Əfqan
Muxtarlı üç maddə ilə - Azərbaycanın dövlət sərhədini qanunsuz
keçmək, qaçaqmalçılıq və hökumət nümayəndəsinə müqavimət
göstərməklə ittiham olunub. 12 yanvar 2018-ci ildə Azərbaycan
məhkəməsi Əfqan Muxtarlını 6 il həbs cəzasına məhkum edib, buna
baxmayaraq o, bir il əvvəl həbsxanadan çıxıb. Qalan illər ona şərti
cəza kimi hesab olunub.
Əfqan Muxtarlı aprelin 7-də Tbilisiyə qayıdıb.