Marneulidə işləyən müəllim, Natali Samxaradze bir neçə həftə əvvəl
“Facebook”-da paylaşımla qarşılaşıb.
Həmin paylaşımda cəzaçəkmə müəssisələrindəki məhbuslara kitab
toplandığı qeyd olunub.
Kitablar arasında qeyri-gürcü dillilər üçün oxu materiallarına
ehtiyac olduğu bildirilib. Pedaqoq qeyd edir ki, elə həmin məqamdan
kitablar axtarmağa başlayıb və Marneulili mülki fəalın köməyi ilə
iki günə 72 ədəd tədris, bədii ədəbiyyat və dini kitab
toplayıb.
"Qərar verdim ki, bir halda müəlliməm və məktəblə
əlaqəm var, bir neçə kitab verərək kömək edim. Ancaq elə də asan
olmadı. Çünki Azərbaycan dilli kitabların sayı azdır və bir neçə
dostumun köməyinə ehtiyacım oldu. Onların vasitəsilə bir mülki
fəalla tanış oldum. Samirə Bayramova çox yaxşı qızdır. O, kitabları
toplamaqda mənə kömək etdi. 72 kitab və dəftərlər topladım.
Cəzaçəkmə müəssisəsinə göndərdik. Kitabları Marneulidəki Ədliyyə
Evinə apardıq, oradan aparıb
çatdıracaqdılar."
Kitablar ünvana çatdırılıb. Bu gün Natali Samxaradzeyə cəzaçəkmə
müəssisəsindən zəng vurublar. Bildiriblər ki, onunla əməkdaşlıq
etmək istəyirlər və istəyirlər ki, Natali qeyri-gürcüdilli
məhbuslara gürcü dilini öyrətsin.
"Zəng vurdular və mənə təklif etdilər ki, CV göndərim.
Gürcü dili müəllimi olduğuma görə etnik azlıqlara gürcü dili
öyrədirəm. Bu mənim üçün çox əhəmiyyətlidir. Əminəm ki, həmin
müəssisədə əksəriyyət gürcü dili bilmir. Eləcə də qeyri-gürcüdilli,
yetkinlik yaşına çatmamış şəxslər də var. Onların dil öyrənməsi
vacibdir ki, başqaları ilə ünsiyyət
qursunlar."
Natali Samxaradze artıq 5 ildir ki, Marneuli bələdiyyəsinin Daştəpə
kənd ictimai məktəbində Azərbaycanlı şagirdlərə gürcü dilini
öyrənməkdə kömək edir.