Marneulidə işləyən gürcü dili müəlliminin məhbuslar üçün topladığı kitablar
Marneulidə işləyən müəllim, Natali Samxaradze bir neçə həftə əvvəl “Facebook”-da paylaşımla qarşılaşıb. Həmin paylaşımda cəzaçəkmə müəssisələrindəki məhbuslara kitab toplandığı qeyd olunub.



Kitablar arasında qeyri-gürcü dillilər üçün oxu materiallarına ehtiyac olduğu bildirilib. Pedaqoq qeyd edir ki, elə həmin məqamdan kitablar axtarmağa başlayıb və Marneulili mülki fəalın köməyi ilə iki günə 72 ədəd tədris, bədii ədəbiyyat və dini kitab toplayıb. 

"Qərar verdim ki, bir halda müəlliməm və məktəblə əlaqəm var, bir neçə kitab verərək kömək edim. Ancaq elə də asan olmadı. Çünki Azərbaycan dilli kitabların sayı azdır və bir neçə dostumun köməyinə ehtiyacım oldu. Onların vasitəsilə bir mülki fəalla tanış oldum. Samirə Bayramova çox yaxşı qızdır. O, kitabları toplamaqda mənə kömək etdi. 72 kitab və dəftərlər topladım. Cəzaçəkmə müəssisəsinə göndərdik. Kitabları Marneulidəki Ədliyyə Evinə apardıq, oradan aparıb çatdıracaqdılar."

Kitablar ünvana çatdırılıb. Bu gün Natali Samxaradzeyə cəzaçəkmə müəssisəsindən zəng vurublar. Bildiriblər ki, onunla əməkdaşlıq etmək istəyirlər və istəyirlər ki, Natali qeyri-gürcüdilli məhbuslara gürcü dilini öyrətsin.

"Zəng vurdular və mənə təklif etdilər ki, CV göndərim. Gürcü dili müəllimi olduğuma görə etnik azlıqlara gürcü dili öyrədirəm. Bu mənim üçün çox əhəmiyyətlidir. Əminəm ki, həmin müəssisədə əksəriyyət gürcü dili bilmir. Eləcə də qeyri-gürcüdilli, yetkinlik yaşına çatmamış şəxslər də var. Onların dil öyrənməsi vacibdir ki, başqaları ilə ünsiyyət qursunlar."

Natali Samxaradze artıq 5 ildir ki, Marneuli bələdiyyəsinin Daştəpə kənd ictimai məktəbində Azərbaycanlı şagirdlərə gürcü dilini öyrənməkdə kömək edir.

"Marneuli" Radiosu
Print