Müxalifət Marneulidə majoritar dairələrin bölünməsini mənfi qiymətləndirir
Gürcüstan Seçki Məcəlləsində edilmiş dəyişikliklərə görə, 2021-ci ilin yerli özünüidarə seçkiləri nəticəsində Marneuli Bələdiyyə Məclisinin üzvlərinin sayı iki nəfər azalacaq. 2017-ci ildə keçirilmiş yerli özünüidarə seçkiləri nəticəsində Marneuli Bələdiyyə Məclisinə 35 üzv seçilmişdi. 2021-ci ilin seçkilərindən sonra isə Bələdiyyə Məclisində 33 deputat olacaq.

Seçki Məcəlləsində edilmiş dəyişikliklər majoritar və proporsional qaydada seçiləcək Bələdiyyə Məclisinin üzvlərinə aid olacaq. 2017-ci ildə Marneuli Bələdiyyə Məclisinə majoritar qaydada 20, proporsional qaydada isə 15 deputat seçilib. Əvvəlki seçkilərdən fərqli olaraq bu il Marneulinin yalnız 11 majoritar deputatı olacaq. Proporsional siyahı ilə 22 nəfər Bələdiyyə Məclisinə daxil olacaq.

Marneulidə fəaliyyət göstərən müxalifətçilər seçki məcəlləsində edilmiş dəyişiklikləri, konkret olaraq majoritarların bölünməsini mənfi qiymətləndirirlər.

“Avropalı Gürcüstanın” Marneuli rayon təşkilatının rəhbəri Əhməd İmamquliyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, yerli özünüidarə seçkilərində majoritar qaydanın qüvvədə olması o və siyasi komandası üçün qəbuledilməzdir.

“Bugünkü protokolların tərtib edilməsi ümumi hesabda düşünlməzdir. İndi düşünün, Opreti, Şaumyani, Ağkörpü, Xocorni və s. bir dairə olaraq birləşib. Əhalinin özü üçün də majoritara nəyin necə olduğunu başa salmaq çətin olacaq. Buradan irəli gələrək bu seçkilərin tam proporsional olması daha yaxşı olardı, ancaq təəssüf ki, “Gürcü Arzusundan” alacağımızı aldıq. Biz əsasən proporsional siyahı üzərində işləyəcəyik. Çünki Bələdiyyə Məclisinə proporsional olaraq daha çox üzv daxil etməliyik ki, müxalifətin Bələdiyyə Məclisində çoxluğu olsun”, – Əhməd İmamquliyev bildirdi.

İmamquliyevin sözlərinə görə, majoritar dairələrin bölünməsi yalnız “Gürcü Arzusu” üçün əlverişlidir. Çünki hakim komanda seçkilərdə dövlət resursundan onsuz da istifadə edəcək və bu yolla majoritar dairələrdə qalib gəlməyə çalışacaq.

“Avropalı Gürcüstanın” Marneuli rayon təşkilatının rəhbəri kimi “Vahid Milli Hərəkatın” Marneuli rayon Təşkilatının sədri Aqil Mustafayev də seçki məcəlləsində edilən dəyişiklikləri mənfi qiymətləndirir. Onun sözlərinə görə, Bələdiyyə Məclisinin üzvləri proporsional siyahı ilə seçilməlidir. Çünki yerli seçkilərə hakimiyyət majoritar namizədlərlə manipulyasiya edəcək.

“Birbaşa deyirəm ki, bizim regionda majoritarlıq hədləri müəyyən edilib və bu “Gürcü Arzusu” tərəfindən siyasi olaraq müəyyən edilib və planlaşdırılıb. Məsələn, müxtəlif kəndlərdə 6-7 min seçiciyə bir majoritar var, 19 000 seçiciyə də bir majoritar olur. Misal üçün deyə bilərəm ki, Algeti icmasında 11 000 seçici var və Kəpənəkçi icmasını da əlavə ediblər. Həmin majoritar dairədə ümumilikdə 19 105 seçici olur. Marneulidə də həmin sayda seçici var, təxminən 100 seçici fərqi var. Burada artıq üç majoritar var, bu hədlər düzgün müəyyən edilməyib”,
– Aqil Mustafayev bildirdi.

Seçki Məcəlləsində edilmiş dəyişikliklər nəticəsində, Marneuli şəhərinin 3 majoritarı olacaq. Tsereteli və Tamarisi icması, Sadaxlı icması, Dəmyə-Gorarxı və Şulaver icması, Qızılhacılı icması, Qaçağan və Qasımlı icması, Kürtlər və Qullar icması, Algeti və Kəpənəkçi icması, Ağkörpü, Opreti, Şaumyan və Tserakvi icmasının hər birinə bir majoritar düşür.

Majoritar dairələri və seçici sayını sizə təqdim edirik:
  • Marneuli şəhəri - 19 155 seçici, 3 majoritar
  • Tsereteli və Tamarisi inzibati vahidliyi– 5 666 seçici, 1 majoritar
  • Sadaxlı İnzibati vahidliyi – 9 621 seçici, 1 majoritar
  • Dəmyə-Gorarxı və Şulaveri inzibati vahidliyi – 10 442 seçici, 1 majoritar
  • Qızılhacılı inzibati vahidliyi - 6 867 seçici, 1 majoritar
  • Qaçağan və Qasımlı inzibati vahidliyi– 12 725 seçici, 1 majoritar
  • Kürtlər və Qullar inzibati vahidliyi – 10 039 seçici, 1 majoritar
  • Algeti və Kəpənəkçi inzibati vahidliyi – 19 105 seçici, 1 majoritar
  • Ağkörpü, Opreti, Şaumyan və Tserakvi inzibati vahidlikləri – 6 024 seçici, 1 majoritar.

 

Print Email
FaceBook Twitter Google