Gürcüstan Seçki Məcəlləsində edilmiş dəyişikliklərə görə, 2021-ci
ilin yerli özünüidarə seçkiləri nəticəsində Marneuli Bələdiyyə
Məclisinin üzvlərinin sayı iki nəfər azalacaq.
2017-ci ildə keçirilmiş yerli özünüidarə seçkiləri nəticəsində
Marneuli Bələdiyyə Məclisinə 35 üzv seçilmişdi. 2021-ci ilin
seçkilərindən sonra isə Bələdiyyə Məclisində 33 deputat olacaq.
Seçki Məcəlləsində edilmiş dəyişikliklər majoritar və proporsional
qaydada seçiləcək Bələdiyyə Məclisinin üzvlərinə aid olacaq.
2017-ci ildə Marneuli Bələdiyyə Məclisinə majoritar qaydada 20,
proporsional qaydada isə 15 deputat seçilib. Əvvəlki seçkilərdən
fərqli olaraq bu il Marneulinin yalnız 11 majoritar deputatı
olacaq. Proporsional siyahı ilə 22 nəfər Bələdiyyə Məclisinə daxil
olacaq.
Marneulidə fəaliyyət göstərən müxalifətçilər seçki məcəlləsində
edilmiş dəyişiklikləri, konkret olaraq majoritarların bölünməsini
mənfi qiymətləndirirlər.
“Avropalı Gürcüstanın” Marneuli rayon təşkilatının rəhbəri Əhməd
İmamquliyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
yerli özünüidarə seçkilərində majoritar qaydanın qüvvədə olması o
və siyasi komandası üçün qəbuledilməzdir.
“Bugünkü protokolların tərtib edilməsi ümumi hesabda
düşünlməzdir. İndi düşünün, Opreti, Şaumyani, Ağkörpü, Xocorni və
s. bir dairə olaraq birləşib. Əhalinin özü üçün də majoritara nəyin
necə olduğunu başa salmaq çətin olacaq. Buradan irəli gələrək bu
seçkilərin tam proporsional olması daha yaxşı olardı, ancaq təəssüf
ki, “Gürcü Arzusundan” alacağımızı aldıq. Biz əsasən proporsional
siyahı üzərində işləyəcəyik. Çünki Bələdiyyə Məclisinə proporsional
olaraq daha çox üzv daxil etməliyik ki, müxalifətin Bələdiyyə
Məclisində çoxluğu olsun”, – Əhməd İmamquliyev
bildirdi.
İmamquliyevin sözlərinə görə, majoritar dairələrin bölünməsi yalnız
“Gürcü Arzusu” üçün əlverişlidir. Çünki hakim komanda seçkilərdə
dövlət resursundan onsuz da istifadə edəcək və bu yolla majoritar
dairələrdə qalib gəlməyə çalışacaq.
“Avropalı Gürcüstanın” Marneuli rayon təşkilatının rəhbəri kimi
“Vahid Milli Hərəkatın” Marneuli rayon Təşkilatının sədri Aqil
Mustafayev də seçki məcəlləsində edilən dəyişiklikləri mənfi
qiymətləndirir. Onun sözlərinə görə, Bələdiyyə Məclisinin üzvləri
proporsional siyahı ilə seçilməlidir. Çünki yerli seçkilərə
hakimiyyət majoritar namizədlərlə manipulyasiya edəcək.
“Birbaşa deyirəm ki, bizim regionda majoritarlıq hədləri müəyyən
edilib və bu “Gürcü Arzusu” tərəfindən siyasi olaraq müəyyən edilib
və planlaşdırılıb. Məsələn, müxtəlif kəndlərdə 6-7 min seçiciyə bir
majoritar var, 19 000 seçiciyə də bir majoritar olur. Misal üçün
deyə bilərəm ki, Algeti icmasında 11 000 seçici var və Kəpənəkçi
icmasını da əlavə ediblər. Həmin majoritar dairədə ümumilikdə 19
105 seçici olur. Marneulidə də həmin sayda seçici var, təxminən 100
seçici fərqi var. Burada artıq üç majoritar var, bu hədlər düzgün
müəyyən edilməyib”, – Aqil Mustafayev bildirdi.
Seçki Məcəlləsində edilmiş dəyişikliklər nəticəsində, Marneuli
şəhərinin 3 majoritarı olacaq. Tsereteli və Tamarisi icması,
Sadaxlı icması, Dəmyə-Gorarxı və Şulaver icması, Qızılhacılı
icması, Qaçağan və Qasımlı icması, Kürtlər və Qullar icması, Algeti
və Kəpənəkçi icması, Ağkörpü, Opreti, Şaumyan və Tserakvi icmasının
hər birinə bir majoritar düşür.
Majoritar dairələri və seçici
sayını sizə təqdim edirik:
- Marneuli şəhəri - 19 155 seçici, 3
majoritar
- Tsereteli və Tamarisi inzibati vahidliyi– 5 666 seçici,
1 majoritar
- Sadaxlı İnzibati vahidliyi – 9 621 seçici, 1
majoritar
- Dəmyə-Gorarxı və Şulaveri inzibati vahidliyi – 10 442
seçici, 1 majoritar
- Qızılhacılı inzibati vahidliyi - 6 867 seçici, 1
majoritar
- Qaçağan və Qasımlı inzibati vahidliyi– 12 725 seçici, 1
majoritar
- Kürtlər və Qullar inzibati vahidliyi – 10 039 seçici, 1
majoritar
- Algeti və Kəpənəkçi inzibati vahidliyi – 19 105 seçici,
1 majoritar
- Ağkörpü, Opreti, Şaumyan və Tserakvi inzibati
vahidlikləri – 6 024 seçici, 1 majoritar.