Batumidə Metro Holdinqinin sahibi olan iş adamı Qalib Öztürk saxlanılıb
Maliyyə Nazirliyinin İstintaq Xidmətinin saat 22:00-da açıqladığı məlumata görə, iş adamı Qalib Öztürk Batumidə saxlanılıb. Qurumun məlumatına görə, külli miqdarda pul və narkotik vasitə götürülüb.

"Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti tərəfindən araşdırılan cinayət işi üzrə vətəndaş Q.Ö.-nün araşdırılması məqsədi ilə 31 may 2022-ci il tarixdə məhkəmənin qərardadları əsasında vətəndaş G.Ö.-ya qarşı istintaq və prosessual hərəkətlər həyata keçirilib. Habelə onunla əlaqəli şəxslər və şirkətlər yoxlanılıb.

Q.Ö.-ün yaşadığı ünvana baxış zamanı məhkəmənin qərarı əsasında digər maddi sübutlarla yanaşı, külli miqdarda pul vəsaiti, habelə narkotik və psixotrop maddələr aşkar edilərək götürülüb, bununla bağlı o, Gürcüstan Cinayət Məcəlləsinin 6 ilə qədər həbsi nəzərdə tutan 260 və 261-ci maddələrinin birinci hissələri ilə saxlanılıb”,
- Maliyyə Nazirliyinin İstintaq Xidmətinin açıqlamasında deyilir.

“Metro Holdinq”də xüsusi əməliyyat Batumidə günün ilk saatlarında başlayıb və 9 saat davam edib. Bu zaman türkiyəli iş adamı, Gürcüstan vətəndaşı Qalib Öztürkün həbsi ilə bağlı ziddiyyətli məlumatlar yayılıb. Gün ərzində bu məlumat heç bir dövlət qurumu tərəfindən təsdiqini tapmayıb. “Metro Holdinq” rəhbərliyi də iş adamının həbsini təsdiqləməyib.

“Metro Holdinq”in direktoru Raul Kaxadze bu gün, mayın 31-də axşam saatlarında holdinq adından bəyanat yayıb.

“Metro Holdinq”in qurucusu, tanınmış iş adamı və himayədarı Qalib Öztürkün həbsi ilə bağlı gün ərzində müxtəlif televiziya və KİV-lərdə dəqiqləşdirilməmiş məlumatlar yayılıb.

“Metro Holdinq”in rəhbərliyi və hüquqşünasları bu tamamilə absurd səbəblərdən törədilən hərəkətin düzgün qiymətləndirilməsi və bütün lazımi hüquqi tədbirlərin görülməsi üçün çalışırlar.

“Ümid edirik ki, bu anlaşılmazlıq yaxın saatlarda aradan qaldırılacaq və şirkətlər normal fəaliyyətlərinə qayıdacaqlar”, - deyə məlumatda bildirilir.
Mənbə: Netgazeti
Print