Tsalkalı pedaqoq Milli Müəllim Mükafatının onluğundadır
Tsalka bələdiyyəsinin Qumbati kənd ictimai məktəbinin müəllimi İra Dzirkvadze Milli Müəllim Mükafatının onluğundadır. O, beş ildir Tsalkada gürcü dili və ədəbiyyatı, ingilis dilini tədris edir. Müəllimi milli mükafata bu il həmkarı təqdim edib. Xeyli düşündükdən sonra isə müraciət formasını doldurub. İra Dzirkvadze üçün onluqda üzv olmaq böyük məsuliyyət və motivasiyadır.

“Onluğa düşmək gözlənilməz idi. Çünki həmişə düşünürdüm ki, kiçik təcrübəm var və müraciəti doldurmağa cəsarət etmirdim. Ötən il də təqdim olunmuşdum, ancaq müraciət formasını doldurmadım, bu il də çox düşündüm. Onluğa üzv olmaq məsuliyyət deməkdir, eləcə də öz fəaliyyətimə daha inamla davam edə biləcəyəm”, – İra Dzirkvadze bildirdi.

Milli Müəllim Mükafatı Təhsil Koalisiyasının, Elm və Təhsil Nazirliyinin, Müəllimlərin Peşəkar İnkişaf Milli Mərkəzinin arasında bağlanmış memorandum əsasında 2017-ci ilin 13 mayında təsis edilib. Qeyd olunan təşəbbüs Gürcüstanda artıq 6-cı dəfədir həyata keçirilir. O müəllimlərin populyarlaşdırılmasına istiqamətlənmiş qlobal kampaniyanın – „The Global Teacher Prize“ bir hissəsidir.

Həmin müsabiqədə Marneulili pedaqoqlar dəfələrlə uğurla iştirak ediblər. 2018-ci ildə Marneulinin 2 və 5 saylı məktəbinin müəllimi Temur Suğaşvili Milli Müəllim Mükafatının ilk onluğunda yer almışdı. 2019-cu ildə Marneuli 2 saylı ictimai məktəbinin müəllimi Qiorqi Çauçidze Milli Müəllim Mükafatının sahibi olub. 2021-ci ildə isə Maradisi ictimai məktəbinin müəllimi Lamara Bolkvadze ilk beşliyə düşüb.

2022-ci ilin Milli Müəllim Mükafatının ilk beşliyi 5 sentyabr tarixində müəyyən ediləcək. Onlardan biri 5 oktyabrda Beynəlxalq Müəllim Günündə Milli Müəllim Mükafatının sahibi olacaq. Bundan əlavə, ona pul mükafatı olaraq şirkətin baş sponsoru, “Qudavadze-Patarkatsişvili” Fondundan 15 000 lari veriləcək. Onluğun digər üzvlərini isə Liberty Bank mükafatlandıracaq.

"Marneuli" Radiosu
Print