Marneulili müxalifətçilər Bələdiyyə Məclisində nə edirlər
Milli Demokratik İnstitutun (NDİ) yeni araşdırmasına görə, əhalinin əksəriyyəti hesab edir ki, nə hakim partiya, nə də müxalifət ölkə maraqlarından irəli gələrək hərəkət etmir. Parlamentdə və yerli özünüidarə orqanlarında seçilmiş müxalifət partiyaları xalqın, ölkənin maraqlarından irəli gələrək hərəkət edir fikri ilə razılaşırsınızmı sualına sorğuda iştirak edənlərin 67% mənfi cavab verib.

Marneuli Bələdiyyə Məclisinin üzvü və Vahid Milli Hərəkatın Marneuli Rayon Təşkilatının rəhbəri Laşa Kveladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, sonuncu seçkilərdə səslərin qorunmaması əhalinin etibarının azalmasına səbəb oldu.

“NDİ-ın araşdırmasında qeyd olunub ki, müxalifət partiyalarına zəifləmiş etibarsızlıq sonuncu seçkilər zamanı bizim səsləri qoruya bilməməyimizdən və əhalinin istəyini təmin edə bilməməyimizdən irəli gəlir. Buna Gürcüstanın üçüncü prezidenti, Vahid Milli Hərəkatın lideri, həmçinin, əhalinin əksər hissəsinin ölkənin xilası ümidi ilə baxdığı adamın indiyə kimi rus oliqarxı Bidzina İvanişvilinin siyasi əsirliyində qalması da əlavə olunur. Biz, bütün müxalifət spektri bu adamı həbsxanadan çıxara bilmədik. Məhz bu amillərə görə əhali etibarını itirdi və hamı emiqrasiyaya gedirlər. Ancaq bu ümidsizlik tezliklə xeyirxahlıqla əvəz olunacaq. Bizim hər bir vətəndaşımız kimi biz də hesab edirik ki, bu ölkənin xilas yolu Mixeil Saakaşvilinin azadlığından keçir. Məhz gündəlik rejimdə müxtəlif fəaliyyətlərlə bu məsələnin üzərində işləyirik və tərəfdaş ölkələrlə işləməklə tezliklə oliqarxizasiya başa çatacaq. Mixeil Saakaşvili də azad olunacaq, ölkədə də yenidənqurma dövrü başlayacaq”, – Laşa Kveladze bildirir.

Kveladzenin sözlərinə görə, Vahid Milli Hərəkatın Marneuli Rayon Təşkilatının nümayəndələri və Bələdiyyə Məclisinin üzvləri Bələdiyyə Məclisinin iclasında dəfələrlə Marneuli üçün mühüm olan məsələləri qaldırıblar, amma bu məsələlərə hakim partiya tərəfindən diqqət göstərilməyib.

“Bildiyiniz kimi, yerli özünüidarə Gürcüstan vətəndaşlarının yerli özünüidarə orqanları vasitəsi ilə, Gürcüstan qanunvericiliyi çərçivəsində, yerli əhalinin maraqlarına uyğun olaraq yerli əhəmiyyət daşıyan məsələlərə qərar vermək üçün hüquq və imkanıdır. Məhz Bələdiyyə Məclisi iclaslarında Vahid Milli Hərəkatın üzvləri tərəfindən bu məsələlər səsləndirildi. Ancaq hakim komandanın üzvləri dinləmək istəmədilər və iclasın başa çatdığını dedilər. Bu deməkdir ki, “Gürcü Arzusu”nu xalqın problemi maraqlandırmır. Biz xalq tərəfindən seçilmişik və yenidən əhali ilə ünsiyyət vasitəsi ilə onların problemlərini səsləndirməyə davam edəcəyik. Eləcə də çox mühüm təşəbbüsümüz olacaq, Bələdiyyə Məclisi iclaslarında səsləndiriləcək və qeyd olunan təşəbbüs bizim Marneuli əhalisi üçün həyati əhəmiyyət daşıyır”.

Marneuli Bələdiyyə Məclisinin Vahid Milli Hərəkatdan olan daha bir üzvü Nərgiz Əliyeva “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Marneulinin yeni seçilmiş Bələdiyyə Məclisinin ilk iclası Mixeil Saakaşvilinin həbsinə etirazla başlayıb. O, qeyd edir ki, iclaslar ərzində bir neçə məsələni gündəliyə çıxarıb, amma həmin məsələlər hələ də həll olunmayıb.

“Mənim irəli sürdüyüm məsələlərdən biri küçələrə ad verilməsi ilə bağlı idi. Bələdiyyə Məclisində bunu yaxşı qəbul etdilər, ancaq hələ də heç nə dəyişməyib. Daha bir məsələ eyvanları uçmuş bina sakinlərinin problemləri ilə bağlı idi və mən təşəbbüslə çıxış etdim ki, həmin bina təmir olunsun. Amma meriya və Bələdiyyə Məclisi tərəfindən bu təşəbbüsə mənfi yanaşdılar. İl başlayandan 5 və ya 6 iclas keçirilib. Amma bundan əlavə əhali mənə müraciət edir və elə məsələlər var, həllinə kömək edirəm. Müvafiq infrastruktur problemləri var ki, mən onların həllində əhaliyə kömək etmişəm. Buraya yollara asfalt qatının çəkilməsi, küçələrin abadlaşdırılması və.s daxildir. Biz eləcə də Marneulidə kanalizasiya sistemi layihəsi ilə bağlı da fəal işləyirdik. Deyə bilərəm ki, əhali ilə gündəlik ünsiyyətim var. Bizim regionda çox problem var və həll olunmur. Kiçik problemlər var, məsələn, küçələrlə bağlı. Bununla bağlı “Energo-Pro” və ya “Su Təchizatı” şirkəti ilə əlaqə saxlamağa çalışıram və bu yolla müəyyən problemləri həll etmişik”.

Nərgiz Əliyevanın sözlərinə görə, Marneulidəki qlobal problemlərlə bağlı müxalifət nümayəndələri nə qədər danışsalar, işləsələr də, vəziyyət dəyişməz olaraq qalır. O, bildirir ki, hakimiyyət bu kimi problemlərin həlli ilə maraqlanmır. Əliyevanın sözlərinə görə, onun Bələdiyyə Məclisi iclaslarında qaldırdığı məsələlər üçün yeni çıxış yolları axtarmaq lazım deyil və artıq həmin problemlərin necə həll olunacağı məlumdur. Amma bunun üçün hakimiyyət icazə verməlidir . Əksər hallarda isə buna nail olmaq mümkün olmur.

“Marenuli” radiosi eləcə də VMH-ın Bələdiyyə Məclisində daha bir nümayəndəsi Marina Petrova ilə əlaqə saxladı. O, sağlamlıq vəziyyəti ilə əlaqədar bizə indiki mərhələdə müsahibə verə bilmədi.

“Marneuli Bələdiyyə Məclisində ümumilikdə 6 müxalifət deputatı var. Onların altısı da Bələdiyyə Məclisinə Vahid Milli Hərəkatdan daxil olub. Onlardan biri, Mehdi Əsgərov isə partiyanı tərk edib və indiki mərhələdə Bələdiyyə Məclisində müstəqil deputat statusu daşıyır. Mehdi Əsgərov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, o, Bələdiyyə Məclisinin nə fraksiyasına, nə də komissiyaya üzv deyil.

“Mən orada müstəqil deputatam. Yalnız iclaslara gedirəm. Məsələlər var, ancaq hələ gündəliyə çıxarmamışam. Yəqin bu məsələləri də çıxaracağıq. Hərdən əhali də mənə xahişlə müraciət edir. Bu əsasən içməli su, yol, işıqlandırma və bu kimi məsələlərlə bağlıdır. Mən isə bacardığım qədər kömək etməyə çalışıram”, – Mehdi Əsgərov bildirdi.

Marneuli Bələdiyyə Məclisində ümumilikdə 29 deputat var. Onlardan 6 müxalifət partiyasının deputatlarıdır, 23 isə “Gürcü Arzusu”-nun üzvüdür.

Müxalifətçi deputatların siyahısı belədir:
  • Vahid Milli Hərəkat – Laşa Kveladze, Ramal Əhmədov, Nərgiz Əliyeva, Davit Kimadze və Marina Petrova.
  • Müstəqil deputat – Mehdi Əsgərov.
Qeyd edək ki, bizim müsahibə yazdığımız deputatlar əksər hallarda problemlər barədə danışırlar. Onlar həmin problemlərin həlli yolları ilə bağlı öz baxışlarını konkret qeyd etmirlər və bildirirlər ki, problemlərin həll edilməməsi əksər hallarda siyasi icazə olmadığına görə baş verir.

"Marneuli" Radiosu
Print