Qazlı içkilər, çipslər, saqqız, birdəfəlik suplar, enerji içkiləri
– bu Hənifə Quliyevanın Marneuli bələdiyyəsinin Daştəpə kənd
ictimai məktəbinin girişində, kustar qaydada qurulmuş kiçik
piştaxtada 18 ildir, satdığı məhsulların natamam siyahısıdır.
Məktəbdə olduqları müddətdə bu şagirdlərin yeganə qidalanmaq
vasitəsidir və buna gündəlik 2 və ya 3 lari xərcləyirlər. “Mən yağışda da burada dayanıb satıram. Bu qışda bayırda
necə dayanmaq olar. 2 saatdan sonra yığışıb gedəcəyəm. Yeldə, qarda
– 18 ildir ki, burada dayanıb satıram. Marneulinin mağazalarından
alıram, gətirib burada satıram. Gəlsinlər və hər birinin istifadə
müddətinə baxsınlar. 10 tetridən artıq da əlavə etmirəm”,
– Hənifə Quliyeva deyir.
Marneuli bələdiyyəsi miqyasında 74 ictimai məktəb fəaliyyət
göstərir. Təhsil müəssisələrinə pandemiyadan sonra bu il ilk dəfə
bufetləri açmaq hüququ verilib. Qida obyekti yalnız Marneulinin bir
neçə ictimai məktəbində açılıb. Təhsil müəssisələrinin əksəriyyəti
isə bufetin fəaliyyətə başlamasının gözləntisindədir. Daxilində
bufeti olmayan məktəblərdə şagirdlərin yeganə yolu məktəbə yaxın
yerləşən mağazalar və ya kustar qaydada düzəldilmiş piştaxtalardır.
Burada isə yalnız quru yeməklərin satılması mümkündür. Kənd
məktəblərindən birinin müəllimi gizliliyi qorumaq şərti ilə
müsahibə verdi və bildirdi ki, onların bufetində çipslər, qazlı
içkilər və bu kimi qidalardan başqa heç nə satılmır. Məktəbdə heç
nəzarət mexanizmi də yoxdur.
“Bir neçə həftə əvvəl 4 şagirdin qarnı ağrıyırdı. 5-ci
sinif şagirdləri idilər və hamısının eyni şəkildə ürəkbulanması var
idi. Aydın oldu ki, eyni çipsdən yeyiblər və xəstə idilər. Fakt
budur ki, uşaqlar zəhərlənmişdilər. Bunu nə məktəb rəhbərliyi, nə
də bufet etiraf etməyəcək. Ancaq uşaqlar deyirdilər ki, bunlar
hamısı çipsi yedikdən sonra baş verib. Düşünürəm ki, məktəblərdə
birdəfəlik suplar və çipslər kimi heç nə satılmamalıdır. Bilmirəm,
çipsə necə normaldır deyə bilərəm, amma bax “Lays” və “Doriotos”
kimisi gətirilmiş, həmişə başqa cür şeylərdir, tərkibini
bilmədiklərimizdir. Bəzən mən də elə acıram ki, həqiqətən gedib
çips alıram ki, yeddinci dərsə qədər dayana bilim”, –
pedaqoq deyir.
Müəllim kimi Marneulinin müxtəlif məktəb şagirdləri də deyirlər ki,
gün ərzində əksər hallarda qazlı içkilər, çipslər və birdəfəlik
suplar yeyirlər.
“Mən həmişə çips və kola alıram. Başqa seçimim də
yoxdur. Tənəffüsdə yaxınlıqda yerləşən mağazalara
gedirik”, – 12-ci sinifdə oxuyan qız deyir.
“Mən evdən gətirməyi çatdırmıram, valideynlərim pul
verirlər və gündə 3-4 lari lazım olur. Hansı seçimim var, onu da
alıram, çipslər, koka-kola, bulkalar. Ötən illərdə bufet işləyəndə
bayırdan aldığımızla məktəbdə aldğımız arasında elə də böyük fərq
yox idi. Oradan da çips alırdım, burada da çips alıram. Yalnız
sosisli bulka yoxdur. Bufetdə heç olmasa onu
alırdım”, – Marneuli şəhərində yaşayan 12-ci sinif
şagirdi olan qız deyir.
“Bizim məktəbdə bufet yoxdur və məktəbə yaxın yerdən
gah hotdoq, gah da qazlı içkilər və ya jelibonlar
alıram”, – məktəblərdən birinin 12-ci sinif şagirdi
olan oğlan deyir.
Məktəblərdə uşaqların qeyri-sağlam qidalanmasından valideynlər də
narahat olurlar. Onlar bildirirlər ki, əksəriyyəti uşaqlara evdən
yemək qoya bilmir. Pul isə quru yeməklərə xərclənir. Valideynlər
hesab edirlər ki, dövlət təhsil müəssisələrində qida məsələsinə
daha çox diqqət ayırmalıdır.
“Təəssüf ki, pandemiyaya qədər də bufetlərdə
qeyri-sağlam qidalar var idi. Birdəfəlik suplar görmüşəm və
ümumiyyətlə, fast-fudlar uşaqlara pis təsir göstərir. Yaxşı olardı
ki, dövlət bunların hamısını necə isə tənzimləsin və məktəblərdə
sağlam qidalanma qaydası tətbiq olunsun. Valideyn kimi bizim üçün
məhz məktəblərdə qidalanma mühüm mövzulardan biridir. Problemlərdən
biri budur ki, hamı evdən yemək gətirə bilmir və mağazalardan
alırlar. Yaxşı olar ki, məktəbdə bufet olsun və bu proses
tənzimlənsin”, – Marneulili valideyn Nilufər
Qurbanova bildirir.
Məktəblərdə bufetlərə görə məsuliyyət daşıyan mühüm qurumlardan
biri yerli Təhsil Resurs Mərkəzidir. Marneuli Təhsil Resurs
Mərkəzindən bildirirlər ki, məktəbdən kənar ərazidə satılan
məhsullara görə, onlar məsuliyyət daşımırlar. Təhsil
müəssisələrindəki qida obyektlərini isə açıldıqdan sonra
yoxlayacaqlar.
“İndiki mərhələdə bufetlər açılmaq üçün rəsmi
prosedurlardan keçirilir. Marneuli Təhsil Resurs Mərkəzi tərəfindən
yaxın gələcəkdə bufetlərdə monitorinq həyata keçirilməsi
planlaşdırılır. Yoxlama zamanı sanitar-gigiyena normalarının
qorunmasına diqqət yetirilir. Qida məhsulları Milli Qida
Agentliyinin tələblərinə cavab verməlidir. Konkret olaraq, spirtli,
qazlı içkilər, kremli şirniyyatlar və digər tez xarab olan
məhsullar olmaz”, – Marneuli Təhsil Resurs
Mərkəzindən bildirirlər.
2019-cu ildən sonra təhsil müəssisələrinin bufetlərində heç bir
yoxlama aparılmayıb. Milli Qida Agentliyi buna səbəb olaraq
koronavirus dövründə tətbiq edilmiş məhdudiyyətləri qeyd edir.
Milli Qida Agentliyinin Kvemo Kartli İdarəsinin rəhbəri Miranqula
Lipartelianinin sözlərinə görə, Marneulinin məktəblərində bufetləri
açıldıqdan sonra yoxlayacaqlar.
“Məktəb bufetləri Milli Qida Agentliyinin prioritetidir
və müvafiq olaraq, yoxlama aparırıq. Bunlar hamısı ərzağın qəbul
edilməsi, hazırlanması və verilməsi prosedurlarına bütün
mərhələlərdə nəzarəti əhatə edir. Pandemiya dövründə bufetlərin
bağlanmasından irəli gələrək indi yalnız bir neçə məktəbə ərzaq
ehtiyatı verilir, o da hazır məhsullarla. Yerində hazırlanmır.
Bizim direktorlarla və Təhsil Resurs Mərkəzinin rəhbərləri ilə
təmaslarımız var. Ona görə də məktəblərdə bufetlər işləməyə
başladıqda mütləq yoxlanılacaq. Kənar ticarət faktları bizim
səlahiyyətimizə daxil deyil, müvafiq olaraq, belə halları
yoxlamırıq. Yeganə onu edə bilərik ki, əhaliyə saxlama və satış
şərtləri qorunmayan yerlərdən ərzaq almamaları haqqında məlumat
verək. Təəssüf ki, bundan artığını edə bilmirik”, –
Miranqula Liparteliani bildirdi.
Gürcüstanın ictimai məktəblərində məktəbdə qidalanma
konsepsiyasının hazırlanması UNİCEF-in iştirakı ilə planlaşdırılır.
BMT-nin Uşaq Fondunun Kommunikasiya proqramının rəhbəri Maia
Kurtsikidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
Gürcüstan Elm və Təhsil Nazirliyi, BMT-nin Uşaq Fondu məktəblərdə
şagirdlərin qidalanması proqramını tətbiq edilməsi üzərində
birlikdə işləyirlər.
“Fövqəladə vəziyyət üçün yaradılmış Qurumlararası İşçi
Qrupu məktəbdə qidalanma proqramlarının dünya təcrübəsini analiz
edəcək, vəziyyəti analiz edəcək və mövcud vəziyyəti lokal
infrastruktur, logistika ehtiyacların müəyyən edilməsi məqsədi ilə
qiymətləndirəcək. Tərəflər eləcə də məktəbə qidalanmanın mümkün
modellərini və keyfiyyət standartlarını,
qanunvericilik/tənzimləyici bazalar, sağlam qidalanma kurikulumunu
hazırlayacaqlar. Bundan əlavə, sənəd məktəbdə qidalanma proqramı
haqqında məlumatlandırma səviyyəsinin yüksəldilməsi məqsədilə
genişmiqyaslı kampaniyanın keçirilməsini nəzərdə
tutur”, – UNİCEF tərəfindən yayımlanmış məlumatda
oxuyuruq.
Təhsil Nazirliyindən bildirirlər ki, məktəblərdə qidalanmanın təmin
edilməsi üçün işlərə başlanılıb. Ancaq məktəblərdə bufetlərin nə
zaman işə başlayacağını və şagirdlərə sağlam qida rasionu təklif
edə biləcəklərini konkret qeyd etmirlər.