Polietilen torbalar, uşaq bezləri, şüşə qırıqları, məişət
tullantıları, bunlar Təzəkənddə qarşılaşacağınız əşyaların natamam
siyahısıdır.
Qeyri-qanuni zibilliyin ətrafında xoşagəlməz qoxu və pis görüntü
var. Təzəkənddə yaşayan Aytac Məmmədova deyir ki, zibil qablarının
olmamasına görə, əhali tullantıları çaya ya da təbii zibilliklərə
atırlar.
“Bizim kənddə ən böyük problem zibil qablarının
olmamasıdır. Hamı zibili küçəyə atır, ekologiyaya ziyan vururlar.
Bu uşaqların sağlamlığına da zərərlidir. Uşaqlar oynayırlar, yoldan
nəisə götürülər və ağızlarına vura bilərlər. Küçəyə atılmış zibil
pis görünüş yaradır. İstəyirəm bu problem həll
olunsun”, – Aytac Məmmədova deyir.
Təzəkən tullantılar problemi olan yeganə kənd deyil. Bəylər
kəndində də eyni problem var.
“Bizim kənddə də zibil problemi var. Əhali zibili ya
kanala ya da boş ərazilərə atır. Ona görə də yeganə problemimiz
budur. Yayda uşaqla çayda çimirlər, əhali sudan istifadə edir və
şikayət edirlər ki, çirklidir”.
Marneuli bələdiyyəsi miyasında ümumilikdə 84 kənd var. Onların
əksəriyyərinə “Təmiz Marneuli” MMC xidmət göstərir. Bələdiyyə
şirkətinin rəhbəri Leri Mumladze “Marneuli” radiosu ilə söhbəti
zamanı bildirdi ki, təmizliklə bağlı qeyd olunan kənddə konkret
planları yoxdur. Mumladzenin sözlərinə görə, yaxın gələcəkdə 800
ədəd yeni zibil qutusu əldə edəcəklər və tələbə uyğun olaraq
müvafiq yerlərə yerləşdirəcəklər.
“İndiki mərhələdə kəndlərin daxilinə girmirik, buna
imkanımız çatmır, nəqliyyat lazımdır. Maşın (zibil daşıyan maşın)
gözləyirik, əgər gəlsə bir neçə kəndi əlavə edə bilərik, dəqiq
bilmirəm. Ehtiyac olan yerlərə zibil qabları əlavə olunacaq. 800
ədəd zibil qabının gətirilməsini gözləyirik, 25 dekabr qədər
gətirilməlidir”, – Mumladze bildirdi.
Marneuli meriyası 829 ədəd konteyneri 493 255 lariyə alıb. Tender
təklifinə görə, plasmas konteynerlər 1 100 litr həcmində olacaq,
maksimum yük qaldırma isə 440 kilo olmalıdır.