Dövlət subsidiya proqramı ilə yalnız kütləvi şəkildə istehsal olunan çörəyin qiyməti olduğu kimi qalacaq

Proqramın məqsədi çörəyin pərakəndə satış qiymətini olduğu kimi saxlamaqdır.



Gürcüstan hökuməti cari ilin 30 noyabr tarixində buğda ununun subsidiyası ilə bağlı dövlət proqramını təsdiq edib. Proqramın məqsədi çörəyin pərakəndə satış qiymətini olduğu kimi saxlamaqdır.

Biz çörəyin qiymətinin artmasının gözləndiyi barədə artıq yazırdıq (daha ətraflı məqalədən baxın). O zaman qeyd etmişdik ki, çörəyin qiymətinin olduğu kimi saxlanması üçün hökumət unun, yaxud çörəyin qiymətinin subsidiyasını həyata keçirməli olacaq.

Əla növ buğda ununun subsidiyası proqramı bu həftədən qüvvəyə minib. Proqram 4 aylıqdır və büdcəsinin 10 milyon lari olacağı gözlənilir.

“Bir kisə 50 kiloqramlıq əla növ buğda ununun qiyməti 53 laridir və bu dəyirmanlar üçün şərtdir. Bu halda dövlətin 50 kiloqramlıq kisəyə subsidiyası 10 lari olacaq. Bundan sonra da proqrama qoşulmuş dəyirmanlar müxtəlif qiymət təklif edəcək. Dövlət resursundan maksimum dərəcədə yararlanmaq və bu subsidiyanın dövlətə daha az vəsaitə başa gəlməsi üçün müəyyən rəqabət olacaq. Ancaq eyni nəticəni əldə edək – nə buğda ununun, nə də çörəyin qiyməti artmasın”, – Ekologiya və Kənd Təsərrüfatı naziri bildirib.

Gürcüstan ayda təxminən 30 000 ton un istehsal edir. Buğda ununun subsidiyası üçün dövlət proqramı isə ayda 10 000 ton əla növ una aiddir. Çörək-un Məhsulları Assosiasiyasının icraçı direktoru Levan Silaqavanın açıqlamasına görə, kütləvi (zavod) çörəyinin bişirilməsi üçün məhz 10 000 ton un lazımdır. “Subsidiya proqramı məhz kütləvi istehsal üçün çörək istehsal edən zavodlara aid olacaq və proqram onlara 53 lariyə əla növ unun verilməsini nəzərdə tutacaq. Tenderdə qalib gələcək dəyirmanlar maraq göstərmək və tender müsabiqəsi nəticəsində dövlətdən ən az subsidiya tələb etmək prinsipi ilə müəyyən ediləcək. Qalan təxminən 20 000 ton un, həmçinin, əla və yüksək növ, şirniyyat unu növləri üçün dövlət subsidiya proqramı qüvvədə deyil. Müvafiq olaraq qeyd olunan un bazarda sərbəst bazar qiymətləri ilə satılacaq”, – o, qeyd edib.

Eləcə də qeyd edək ki, “Tbilisi Energy”-nin anons etdiyi təbii qaz tariflərinin artması qeyri-məişət (kommersiya) abunəçilərinə, çörək müəssisələrinə aid olmayacaq.

Yekun olaraq demək olar ki, dövlət subsidiya proqramı ayda yalnız 10 000 ton əla növ unun qiymətinə aid olacaq. Bu isə çörəyin kütləvi (zavod) istehsalı üçün vacibdir. Müvafiq olaraq bu kateqoriya çörəyin qiyməti artmayacaq. Unun subsidiya proqramı 4 aylıqdır və 2021-ci ilin 31 mart tarixinə qədər qüvvədədir. Başqa kateqoriya çörəklərin və eləcə də şirniyyatların qiymətinin artması gözlənilir.



 

Print Email
FaceBook Twitter Google