Mülki fəal Samirə Bayramova Marneuli Bələdiyyə Məclisinin
sədri Amiran Qiorqadzeyə açıq məktubla müraciət edib.
Məktub Marneulidə azyaşlıya qarşı etnik zəmind baş vermiş zorakılıq
faktına aiddir. Hadisənin iştirakçılarından biri Bələdiyyə Məclisi
sədrinin müavini Riçard Qiqaninin oğlu, həm də bələdiyyənin
əməkdaşı Mamuka Qiqani olub.
Bayramovanın sözlərinə görə, bu hadisə təkcə zorakılıq və qanun
pozuntusu deyil, həm də
Marneuli yerli idarəçiliyində ailəvi
maraqların üstün tutulmasının, məsələni ört-basdır etmə cəhdlərinin
göstəricisidir. Mülki fəal Bələdiyyə Məclisi sədrindən prinsipial
mövqe nümayiş etdirməyi, məsul şəxslərin vəzifədən
uzaqlaşdırılmasını və cəmiyyətin etimadının bərpası üçün konkret
addımlar atmağı tələb edir.
"Marneuli Bələdiyyə sədrinə açıq məktub!
Hörmətli Amiran bəy, Amiran
Giorgadze Sizin müavinlərinizdən biri olan cənab Riçard Qiganinin
övladının Marneulidə azyaşlıya qarşı zorakı hərəkətləri və
etnik-milli zəmində nümayiş etdirdiyi davranış yalnız səhv deyil,
birbaşa qanun pozuntusu və cinayət xarakterli hadisədir.
Siz özünüz də çox yaxşı bilirsiniz ki, bu həmin şəxsin birinci
hərəkəti deyil.
Sözügedən şəxsin eyni zamanda sizin əməkdaşınız olması məsələni
daha da ağırlaşdırır və ictimaiyyətdə haqlı narazılıq doğurur. Hər
dəfə Marneuli ərazisində zorakılıq baş verəndən biz onda bilirik
ki, bu şəxs bələdiyyədə çalışırmış.
Təəssüf ki, Marneuli bələdiyyəsi cəmiyyətdə getdikcə ailəvi
maraqlara xidmət edən bir struktur təsiri bağışlayır. Təhsil,
peşəkar bilik və təcrübəsi olmayan şəxslərin mühüm vəzifələrdə
təmsil olunması şəffaflıq və ədalətlilik prinsiplərinə ziddir.
İctimaiyyət haqlı olaraq soruşur: belə şəxslər hansı əsasla bu
vəzifələrdədir və onların fəaliyyətindən hansı fayda gözlənilir?
Sizin bu hadisə ilə bağlı açıqlamanız “zorakılığı pisləyirəm, baş
verənləri arzuolunmaz və pis fakt kimi qiymətləndirir və Qiqaninin
qəsdən zorakılıq etmədiyini, sərxoş olduğunu və səhv etdiyini hesab
edirəm” deməyiniz nə adekvat, nə də ədalətlidir.
Bu birbaşa başqa zorakı şəxsləri cinayətə həvəsləndirməkdir, onlar
da içib, başqa şəxsə zərər verə bilər və onda nə siz nə də polis bu
hadisələrin qarşısını ala bilməz. Bu cinayəti gizlətməyə cəhd etmək
özü də qanun pozuntusudur. Məsələni ört-basdır etmək cəhdləri isə
ictimai etimadı daha da zədələyir. Unutmayın ki, Marneuli xalqı
uzun illərdir sizə etimad göstərmiş, azərbaycanlı icması da
azərbaycanlı merlərdən çox sizə xüsusi hörmət bəsləmişdir. Bu
etimadı itirmək, sadəcə şəxsi nüfuzunuza deyil, bütövlükdə
bölgədəki ictimai sabitliyə zərbə vuracaqdır. İnsan yediyi qapa
tüpürlməməlidir.
Qeyd etmək istərdim ki, Marneuli qanunla deyil, çox vaxt sifariş və
təzyiqlə idarə olunur.
Əgər siz də bu təzyiqlərə boyun əyərək hadisəni yumşaltmağa
çalışsanız, nəticələr ağır olacaq: millətlərarası münasibətlərdə
gərginlik artacaq, vətənə bağlılıq zəifləyəcək və dövlətə inam
ciddi şəkildə sarsılacaqdır. Biz gözləyirik ki, siz bu məsələdə
prinsipial və qəti mövqe nümayiş etdirəsiniz. Bu, yalnız sizin
şəxsi nüfuzunuz üçün deyil, həm də dövlətçilik və vətəndaş
həmrəyliyi üçün zəruridir.
Mamuka Qiqani ilə yanaşı Tornike Mtvarelidze də bələdiyyədən
uzaqlaşdırılmalıdır.
Az yaşlıya öz vətəninə get deyən Tornike hansı üzlə bu xalqa xidmət
göstərəcək? Xalq Müdafiəçisi dəfələrlə öz hesabatında dövlət
məmurlarının etnik azlıqlara qarşı kobud davranışına görə
bələdiyyələrə daima tövsiyyələr təklif edib.
Unutmaq olmaz ki, vəzifədən irəli gələn məsuliyyət kreslo ilə
ölçülmür – vicdan, ədalət və cəsarət tələb edir."
Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadzenin bəyanatına
görə, sentyabrın 19-da şirniyyat mağazalarından birində azyaşlıya
qarşı zorakılıq edən Mamuka Qiqani barəsində intizam icraatı
başlanacaq.
Mamuka Qiqani Marneuli Bələdiyyə Məclisinin əməkdaşı və sədr
müavini Riçard Qiqaninin oğludur.
Bu gün, sentyabrın 22-də Bələdiyyə Məclisinin sədri Amiran
Qiorqadze “Marneuli” radiosu ilə söhbətində Qiqaninin azyaşlıya
qarşı zorakılıq etdiyini bildirib. O, zorakılığı qınayaraq baş
verənləri arzuolunmaz hadisə kimi qiymətləndirib.
Qiorqadze Mamukanın bu hərəkəti qəsdən etmədiyini, sərxoş
vəziyyətdə olduğunu və səhvə yol verdiyini qeyd edib. "Bu,
arzuolunmaz, pis bir faktdır, amma hamıya demək istəyirəm ki, bu,
qəsdən olmayıb. Səhv baş verib.
Həmin şəxs sərxoş olub və buna görə də səhv edib, indi məsuliyyətə
cəlb olunub. Ayılanda vəziyyəti özü analiz edib, bildiyimə görə,
polisə təslim olub, araşdırma aparılır. Cinayət faktı
təsdiqlənərsə, hüquq-mühafizə orqanları qanuna uyğun hərəkət
edəcəklər," – Amiran Qiorqadze deyib. Marneuli Bələdiyyə Məclisinin
sədri belə faktların pis olduğunu, lakin onların
siyasiləşdirilməməsinin vacibliyini vurğulayıb. Qiorqadze
ictimaiyyəti lazımsız açıqlamalardan və bu kimi hadisələrdən
çəkinməyə çağırıb.
"Hər kəsə demək istəyirəm ki, belə faktlar pisdir, bu məsələləri
siyasiləşdirməməliyik. Əksinə, mən hər kəsdən xahiş edirəm ki, biz
Marneulinin etnik bələdiyyə olması ilə fəxr edirik, biz
bir-birimizin mədəniyyətinə, dininə, adət-ənənələrinə həmişə
hörmətlə yanaşırıq. Bu, bizim üçün böyük bir ailədir, burada hörmət
və sevgi ilə yaşamalıyıq. Hamıdan xahiş edirəm ki, belə
hadisələrdən və lazımsız şərhlər verməkdən çəkinin," – Amiran
Qiorqadze bildirib.
Marneuli Bələdiyyə Məclisi sədrinin izahatına görə, Mamuka
Qiqaninin təqsiri sübuta yetirilərsə, o, qərar çıxarıb Qiqanini
işdən azad edəcək. O, həmçinin Bələdiyyə Məclisində də intizam
icraatına başlanacağını bildirib. "İttihamlar sübuta yetirilərsə,
onun işdən azad edilməsi ilə bağlı qərar qəbul edəcəm.
Biz, əlbəttə ki, zorakılığı pisləyirik. Qanun qarşısında hamı
bərabərdir. Cinayət sübuta yetirilməsə, yenə də iş yerində intizam
icraatına başlayacağıq," – Amiran Qiorqadze deyib. Mediada yayılan
məlumata görə, sentyabrın 19-da Marneuli Bələdiyyə Məclisi sədr
müavininin oğlu şirniyyat mağazasının işçisinə gürcü dilini
bilmədiyi üçün fiziki təzyiq göstərib. Yayılan videoda Riçard
Qiqaninin oğlunun göründüyü və vətəndaşdan “kənara çəkilməsini”
xahiş etdiyi eşidilir.
İfadələr rus dilindədir: “Успокойся брат” (Qardaş, sakit ol). Hüquq
müdafiəçisi Samirə Bayramovanın sözlərinə görə, azyaşlıya qarşı
zorakılıq işində Marneuli meriyasının əməkdaşı, “Gürcü Arzusu”nun
proporsional siyahısına daxil olan Tornike Mtvarelidze də iştirak
edib.
O, azyaşlıya şifahi söyüşlər edir. Baş vermiş hadisə ilə bağlı
Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 126-cı maddəsinin
1-ci hissəsi, yəni yetkinlik yaşına çatmayan şəxsə qarşı zorakılıq
göstərmə ilə bağlı araşdırma başlayıb.
Sentyabrın 22-də zərərçəkmiş azyaşlıya və onun ailə üzvlərinə yerli
özünüidarəetmə və hökumət tərəfindən təzyiqlər edildiyi barədə
petisiya dərc olunub. Petisiyada “Gürcü Arzusu” partiyasından olan
Riçard Qiqani və Tornike Mtvarelidzenin yerli özünüidarəetmə
seçkilərinin proporsional siyahısından çıxarılması və Marneuli
bələdiyyəsində tutduqları vəzifələrdən azad edilməsi tələb
olunur.
O, həmçinin Mamuka Qiqaninin Marneuli Bələdiyyəsindən azad
edilməsini, hüquq-mühafizə orqanlarının zərərçəkənə və onun ailə
üzvlərinə təzyiqləri dərhal dayandırmasını tələb edir."
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.