Qrup zorakılığında ittiham olunan Marneuli merinin qardaşı barəsində həbs qətimkan tədbiri seçilib
Marneuli merinin qardaşı Kənan İsmayılovun qətimkan tədbiri ilə bağlı məhkəmə iclası bu gün, 8 aprel tarixində Marneuli Magistrat Məhkəməsində keçirilib.
​Prokurorluq Kənan İsmayılovun işi üzrə məhkəməyə həbs qətimkan tədbirinin tətbiq edilməsi barədə vəsatət qaldırıb. "Marneuli" radiosunun məlumatına görə, hakim Qvantsa Çikovani prokurorluğun vəsatətini təmin edib və İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.

​Hüquq müdafiəçisi Samirə Bayramovanın yaydığı məlumata görə, İsmayılovlar ailəsi məhkəməyə girov qismində 100 000 lari təklif etsə də, məhkəmə bu vəsatəti təmin etməyib.

​Qeyd edək ki, Marneuli merinin qardaşı qrup halında zorakılıq ittihamı ilə aprelin 6-da saxlanılıb.
​Prokurorluğun
yaydığı məlumata əsasən, Marneuli bələdiyyəsində baş vermiş qrup halında sağlamlığa zərər vurma faktı ilə bağlı bir nəfərə qarşı ittiham irəli sürülüb.

​"Daxili İşlər Nazirliyində aparılan istintaq çərçivəsində müəyyən edilib ki, 6 aprel 2026-cı il tarixində Marneuli bələdiyyəsində biznes fəaliyyəti ilə bağlı yaranmış mübahisə zəminində təqsirləndirilən şəxs müşayiət edən şəxslərlə birlikdə dəyənəklərdən istifadə edərək zərərçəkmişə bədən xəsarətləri yetirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi həmin gün saxlayıblar," — prokurorluğun bəyanatında bildirilir.

​Kənan İsmayılova qarşı Cinayət Məcəlləsinin 120-ci maddəsinin ikinci hissəsi (qrup halında qəsdən sağlamlığa yüngül zərər vurma) ilə ittiham irəli sürülüb. Bu maddə 3 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

​Prokurorluğun bəyanatına görə, cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilməsi məqsədilə Daxili İşlər Nazirliyində istintaq davam edir.

​Son günlər Marneulidə yayılan məlumatlara görə, Marneuli meri Daur İsmayılovun atasının şirkəti rəqiblərini çörəyin qiymətini qaldırmağa məcbur edir. Hüquq müdafiəçisi Samirə Bayramovanın məlumatına əsasən, İsmayılov və onun ətrafındakılar çörək sexlərindən birinin sahibinə qarşı, qiymət artımı ilə razılaşmadığı üçün fiziki zorakılıq tətbiq ediblər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google