At DNT-si Marneulinin bütün 11 uşaq bağçasında – Bağçalar Birliyindən nə deyirlər?

Marneuli Uşaq Bağçaları Birliyi bağçalara at DNT-si tərkibli ətin daxil olması faktı ilə bağlı şərh bildirdi.


Birliyin hüquqşünası Edişer Kutalianın bəyanatına görə, aparılan araşdırmalar nəticəsində Marneulinin bütün 11 bağçasında at əti DNT-si aşkarlanıb. Onun sözlərinə görə, müvafiq yoxlama may ayında aparılıb, bundan sonra ət məhsulları dərhal möhürlənib.

Uşaq Bağçaları Birliyinin nümayəndəsi izah edir ki,
ət təchizatına cavabdeh olan şirkətlə əməkdaşlığa xitam verilib və məsələyə müvafiq qurumlar cəlb olunub.

“At ətinə gəldikdə, yoxlama başlayıb məhsullar möhürləndikdən sonra uşaqlar bir qram da olsun həmin ətdən yeməyiblər. Ət məhsulları möhürləndi və müvafiq qurumlar tərəfindən işin araşdırılmasına başlanıldı. "B.G.M.1" MMC müvafiq tender əsasında Marneuli bələdiyyəsi ərazisindəki Uşaq Bağçaları Birliyi miqyasında, konkret olaraq 11 uşaq bağçasına ət məhsulları gətirirdi. May ayında aparılan yoxlama nəticəsində həmin ətdə at DNT-sinin olduğu müəyyən edildi. Sözügedən məhsul müvafiq qurumlar tərəfindən möhürlənərək saxlanıldı və uşaq bağçalarında istifadə olunmadı”, – Edişer Kutalia bildirdi.

Hüquqşünasın izahatına görə, sözügedən şirkət ötən il də Marneulini ətlə təmin edirdi, lakin o zaman heç bir problem yaşanmamışdı. Onun sözlərinə görə, Marneuli bağçalarında planlı yoxlama ildə 8 dəfə keçirilir.

“Tərəfimizdən tədarükçü diskvalifikasiya edildi və qara siyahıya salındı. Növbəti istintaq hərəkətlərinə gəlincə, bu, qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirildi. Bizdə bu günə olan vəziyyətə görə artıq üçüncü ildir ki, qida təhlükəsizliyini təmin edən (HASSP) standartlar tətbiq olunur və fasiləsiz rejimdə dövri olaraq ət məhsullarının yoxlanılması aparılır. "B.G.M.1" MMC-yə gəlincə, ötən il də bu iddiaçı qalib elan olunmuşdu, müqavilə bağlanmışdı və analoji olaraq mikrobioloji yoxlama məqsədilə nümunələr götürülmüşdü. Lakin hər şey normada idi, standartlara uyğun gəlirdi və heç bir pozuntu aşkarlanmamışdı. Əlbəttə ki, belə bir faktın baş verməsi çox təəssüf doğurur, lakin belə bir hal yaşandığı üçün bu günə olan vəziyyətə görə başqa heç bir əlaqəmiz yoxdur, qanunla həvalə edilmiş tədbirləri gördük və konkret şəxslə müqaviləni ləğv etdik. Uşaq Bağçaları Birliyi həm HASSP standartlarına riayət olunması, həm də müvafiq məhsulların yoxlanılmasını həyata keçirən bütün dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində standartların maksimum qorunmasına çalışır. Biz öz tərəfimizdən şəffaflığı maksimum dərəcədə saxlayırıq. Bundan əlavə, uşaq bağçalarımızda həm qidanın, həm də digər növ tərbiyə xidmətlərinin keyfiyyətini yoxlayan daxili monitorinq qrupu fəaliyyət göstərir”.

"B.G.M.1" MMC Marneuli uşaq bağçalarını toyuq əti ilə də təmin edirdi ki, buna ümumilikdə Marneuli büdcəsindən 218 357 lari xərclənib. Şirkət bağçalara ət tədarükünə bu ilin yanvar ayından başlayıb və proses 31 iyul tarixinədək davam edib.


İstintaqla müəyyən edilib ki, "B.G.M.1" və "Gürcü Ət-Məhsulları Ferması" şirkətləri "Marneuli Bələdiyyəsi Ərazisindəki Bağçalar Birliyi" və "Kareli Bələdiyyəsi Ərazisindəki Bağçalar Birliyi" tərəfindən elan edilmiş tenderlərin qalibi olublar. Bu tenderlər çərçivəsində onlar uşaq bağçalarını mal əti ilə təmin etməli idilər. Sözügedən kommersiya təşkilatlarının direktorları 2026-cı ilin may ayında uşaq bağçalarına mal əti əvəzinə dələduzluq yolu ilə at əti təhvil verib və nəticədə dövlət büdcəsinə məxsus xüsusilə külli miqdarda vəsaiti mənimsəyiblər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin "b" bəndi, həmçinin 197-ci maddəsinin 1-ci hissəsi ilə aparılır ki, bu da cəza olaraq 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

Ətdə laboratoriya yolu ilə at DNT-sinin təsdiqləndiyi uşaq bağçalarının siyahısı:
  • Marneuli şəhər 1 saylı uşaq bağçası
  • Marneuli şəhər 3 saylı uşaq bağçası
  • Marneuli şəhər 4 saylı uşaq bağçası
  • Saimerlo kənd uşaq bağçası
  • Qızılhacılı kənd uşaq bağçası
  • Tamarisi kənd uşaq bağçası
  • Şaumyani erməni uşaq bağçası
  • Xixani kənd uşaq bağçası
  • Kəpənəkçi kənd uşaq bağçası
  • Algeti kənd uşaq bağçası
  • Sadaxlı kənd uşaq bağçası



 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google