"Meriyaya ərizəmizi vermişik, cavab gəlmir" – Cavaxişvili küçəsində yaşayan sakinlər kanalizasiya problemindən narahatdırlar
Marneulinin Cavaxişvili küçəsində qonşular aylardır ki, kanalizasiya xətti və çirkli su axını səbəbindən mübahisə edirlər.
Sakinlər bildirirlər ki, məsələnin həlli üçün yerli özünüidarəyə də müraciət ediblər, lakin onların sözlərinə görə, problem bu günə qədər də mübahisəli və həll olunmamış qalır. Məhz buna görə də sakinlər məsələnin ictimailəşdirilməsi üçün "Marneuli" radiosuna müraciət ediblər.


Qonşusunun kanalizasiya
borusundan gələn axıntı səbəbindən evinin həyəti və divarları nəm çəkən Ofelya Namazova bildirir ki, evində nəmişliyi aradan qaldırmaq üçün bütün yayı evdə istilik sistemini qoşmağa məcbur olub.

"Bax, bu divardır, bütün nəm olub. Ölçmüşük, ora 2,27 metrdir, bura isə 2,15 metrdir. Görün nə dərəcədə ev yatıb! Bu yay, hesab edin ki, biz bütün istilik sistemlərini yandırmışıq ki, eşik də istidir, ev də istiləşsin və nəmişlik olmasın. Mətbəxdə, hamamda da bütün suvaq qopub tökülüb. Döşəmələr tamamilə qalxıb. Kanalizasiya suyunun elə bil ki, 60%-i bizə gəlir, 40%-i isə arxa gedir. Arx da qanunsuzdur.

Deyirik ki, kanalizasiya borusunu dəyişin. Öz tərəfimizdən qazdıq, sübut etmək üçün. Dedi ki, mümkün deyil. Əməlli-başlı görünür ki, ora sudur. Təzədən məcbur etdik ki, öz tərəflərini qazsınlar, üç dənə qırıq çıxdı. Üç dənə qırıq çıxandan sonra deyir ki, onu ustalar yapışqanla yapışdırdı, xətti dəyişmirəm.
Beləsi ilə nə danışasan? Meriyaya getdim, meriyaya şikayət etdim, yazdım. İki dəfə polis çağırdım, polis dedi ki, biz bu işə baxmırıq, bizim işimiz deyil.
Qanunsuz bu cür işlər görürlər. Deyəndə ki, siz düzgün etmirsiniz, deyir ki, hökumət yoxdur, mən özüm-özümə hökumətəm”,
-
Ofelya Namazova dedi.

50 ildir həmin məhəllədə yaşayan Səyalı İbrahimova da bənzər təhlükə ilə üz-üzədir. O, qonşunun yararsız kanalizasiya xəttindən sızan suların evinin bünövrəsini çökmə həddinə çatdırdığını bildirir.

"50 ildir qonşuyuq, gözəl, mehriban qonşu idik. O vaxt kanalizasiyamız da bir gedirdi. Biz tərəfdən qoyduq, yoldashım dedi ki, bura var çəkək. 20 ildə üç dəfə biz kanalizasiyamızı dəyişmişik. İndi qonşununku çürüyüb. Çirkli su yerin altı ilə biz tərəfə gəlir. Evin bir tərəfi hündürdür, bir tərəfi çökəkdir. Altı təmiz çirkli sudur. Bütün evin qabağı çökəkdir. Qonşu ilə elə bu gün də dalaşdım, vallah, təzyiqim yüksəlib. Yenə deyir ki, məndən deyil. Biz də vermişik ərizəmizi meriyaya, cavab da gəlmir. 112-yə iki dəfə zəng elədik. Polis deyir ki, biz davaya gəlirik, belə işlərə gəlmirik. Belə şeyə kim baxır, bilmirəm. Bu hökumət yoxdur məgər?”

Eyni məhəllənin sakini Güləbatın İbrahimova isə küçədən axan çirkli suların yaratdığı dözülməz qoxudan şikayətçidir. O, xüsusilə yay aylarında antisanitariya səbəbindən pəncərələrini belə aça bilmədiklərini vurğulayır.

"Mən burada yaşayıram, iydən ölmüşəm. Gör nə vəziyyətdə yaşayıram mən... Mənim ərim rəhmətə gedib, uşağım da xaricdədir. Mənim sözümə baxmırlar, unitaz sularının hamısı buraya gəlir. İndi də su bu suvağı deşib, bağçaya axır. Mən nə edim indi, neyləyim? O gün əlimə kürək götürdüm, oraya kimi təmizlədim, vəziyyəti gördüm ki, nə imiş. Olmaz belə”

“Marneuli” radiosu məsələyə aydınlıq gətirmək məqsədilə Meriyanın İnzibati Xidmətinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Davit Çikadze ilə əlaqə saxladı. O, suallarımıza cavab almaq üçün meriyaya rəsmi yazılı müraciət etməyimizi istədi. Ərizəyə cavab alındıqdan sonra material yenilənəcək.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google