Naşir Orduxanov aksiyaya nə üçün qoşulub
“Mənim məqsədim azadlıqdır. Hamının
söz, din azadlığı olmalıdır” – bu sözlər Bolnisidə
yaşayan ikinci kurs tələbəsi Naşir Orduxanova
aiddir.
O,
Tbilisidə, Rustaveli prospektində keçirilən aksiyaya qoşulub və
geniş ictimaiyyət qarşısında tribunadan ilk dəfə xalqa müraciət
edib. Naşir İlya Dövlət Universitetinin hüquq fakültəsində təhsil
alır. “Marneuli” radiosu ilə söhbətində o, deyir ki, müstəqil,
siyasətdən uzaq adamdır və etiraz hissi mövcud durumdan dolayı
yaranıb.
“Mən universitetdə idim, internetdə işğalçı ölkənin
deputatının bizim Parlamentə gəldiyini gördüm. Buna etiraz olaraq
mən və 15 dostum aksiyaya getdik. Əsas motiv rus deputatın
Gürcüstanda olmasına etiraz etməyimiz idi. Mən heç bir partiyanın
nümayəndəsi deyiləm. Baş verən hadisə çox böyük utancdır və burada
söz demək artıqdır. Kim deyir ki, Gürcüstan mənim vətənimdir,
Rustaveliyə getmək onun borcudur. Fərqi yoxdur o, azərbaycanlıdır
yoxsa gürcü, yaxud başqa hansısa etnik azlıq və ya din
nümayəndəsidir. Bunun mənim üçün heç bir fərqi
yoxdur” – Naşir Orduxanov deyir.
Orduxanov indi də 23 iyunu, həyəcanlı çıxışını xatırlayır. Deyir
ki, çox həyəcanlı imiş, ancaq demək istədiyini yenə də
çatdırıb.
Orduxanovun çıxışını videodan izləyə bilərsiz.