Saimerlo sakinlərinin etirazından sonra su sisteminin dəyişdirilməsi işləri müvəqqəti olaraq dayandırılıb
Bu gün, 24 iyun tarixində Marneuli bələdiyyəsinin Saimerlo kəndinin sakinləri su sisteminin dəyişdirilməsinə etirazlarını bildiriblər.

Kənddə həyata keçirilən layihəyə əsasən su sistemi tamamilə dəyişdiriləcək. Hal-hazırda kəndi su ilə təmin edən su mənbəyi baxlanacaq, Saimerlo sakinlərinə isə başqa su mənbəyindən anbarlara toplanmış su veriləcək.

Kənd sakinləri bu gün işlərin həyata keçirildiyi əraziyə toplaşıblar. Onların əsas tələbi içməli suyun yenə də sakinlərin illərdir ki istifadə etdiyi su mənbəyindən verilməsidir.

Saimerloda içməli suyun verilməsi işləri bir neçə həftə öncə başlayıb. Sakinlər düşünürdülər ki, şirkət yalnız boruları dəyişdirəcək. Layihənin 2015-ci ildə hazırlanmasına və merin Tsereteli inzibati ərazi vahidliyindəki nümayəndəsi Şalva Kupravanın sakinlərin planlaşdırılan dəyişikliklərlə bağlı məlumatı olduğunu və qərarların sakinlərlə birgə qəbul edildiyini bildirməsinə baxmayaraq, sakinlər su mənbəyinin dəyişdirilməsi ilə bağlı heç bir məlumatlarının olmadığını bildirirlər.

Marneuli meri və içməli su sisteminin dəyişdirilməsinə məsul olan şirkətin nümayəndələri sakinlərlə görüşmək üçün hadisə yerinə gediblər. Marneuli meri sakinlərin tələbini dinlədikdən sonra bildirdi ki, şirkətlə bərabər problemin həlli yolunu axtaracaqlar və Saimerlonun hazırkı su mənbəyini saxlamağın mümkünlüyünü araşdıracaqlar.

Marneuli meri Zaur Darğallı “Marneuli” radiosu ilə söhbəti zamanı sakinlərə yekun qərar barəsində məlumatın nə zaman veriləcəyi ilə bağlı dəqiq vaxt demədi.

Bu mərhələdə Saimerlo içməli su sisteminin dəyişdirilməsi işləri dayandırılıb və sakinlər merin cavabını gözləyirlər.

Print Email
FaceBook Twitter Google