“Fikrimcə Qaxariyanın istefası tələbi əsassızdır”, – Marneulili deputat

Marneulinin “Gürcü Arzusu”ndan seçilmiş majoritar deputatı Ruslan Hacıyev 26 iyun tarixində prokurorluğun deputat Nika Melianın həbs olunması məqsədi ilə məhkəməyə müraciətinə razılıq verən 91 deputatdan biridir.


Ruslan Hacıyev “Marneulİ” radiosu ilə söhbəti zamanı bildirdi ki, sadəcə Melianın mandatının dayandırılması qərarı qəbul edilib və Melianın təqsirli olub olmaması barədə qərarı məhkəmə verməlidir.

“Bu məsələ ilə bağlı Prokurorluqda cinayət prosesi davam edir. Prokurorluq nümayəndələrinin komitə iclasında və plenar iclasda bizə izah etdiyinə görə, burada müxtəlif məsələlər var. Buna görə də Nika Melianın səlahiyyətini dayandırdıq”, – Ruslan Hacıyev deyir.

“Marneuli” radiosunun Prokurorluğun Nika Melianın mandatını dayandırılması məqsədilə Parlamentə müraciət etməsi üçün kifayət qədər dəlilinin olub-olmaması ilə bağlı suala cavab olaraq Hacıyev bildirdi ki, onun fikrincə kifayət qədər dəlil olub, lakin Melianın təqsirinin hansı dəlillərlə sübuta yetirildiyini dəqiq demir və bildirir ki, yekun qərarı məhkəmə verəcək.

Rustaveli prospektində davam edən aksiyaya və Daxili İşlər naziri Qiorqi Qaxarianın istefası ilə bağlı əsas tələbə gəlincə, Hacıyev deyir ki, iki əsas tələb – 2020-ci ildə Parlament seçkilərinin proporsional sistemlə keçirilməsi və Parlament sədrinin istefası kifayətdir.

“Fikrimcə Qaxariyanın istefası tələbi əsassızdır”, – Ruslan Hacıyev deyir.

Parlament qarşısında keçirilən aksiyanın iştirakçılarının üç tələbindən ikisinin yerinə yetirildiyinə baxmayaraq, aksiyalar yenə də davam edir və iştirakçılar əsas tələbləri olan Qiorqi Qaxarianın istefası üçün mübarizə aparırlar.

 

Print Email
FaceBook Twitter Google