Marneulili gənclər meriya və Bələdiyyə Məclisindən məlumatların Azərbaycan dilinə tərcümə olunmasını tələb edirlər

Marneulili gənclər tərəfindən yaradılmış təşəbbüs qrupu Marneuli meriyası və Bələdiyyə Məclisinə,

həmçinin Barışıq və Mülki Bərabərlik Məsələləri üzrə Dövlət Naziri Aparatına ərizə ilə müraciət ediblər.

Təşəbbüs qrupunun üzvləri tələb edirlər ki, Marneuli meriyası və Bələdiyyə Məclisinin rəsmi veb və “Facebook” səhifələrində məlumatlar və elanlar gürcü dili ilə bərabər azərbaycan dilində də yayımlansın.

Ərizədə bələdiyyənin üzərinə məlumatın azərbaycan dilində də yayılması öhdəliyi qoyan hüquqi normalar da qeyd olunub.

“Fikrimizcə Marneuli meriyası və Bələdiyyə Məclisinin veb səhifəsində və sosial şəbəkə səhifəsində dövlət dilində yerləşdirilən məlumatların azərbaycan dilinə də tərcümə olunması zəruridir. Çünki meriya və Bələdiyyə Məclisi tərəfindən həyata keçirilən işlərlə bağlı məlumat etnik azərbaycanlı vətəndaşlar üçün əlçatan olmalıdır.

Həmçinin bildirmək istəyirik ki, bizim tələbimiz, dövlət dilinin rədd edilməsi və ya dilin tam öyrənilməsinin əhəmiyyətinin danılması demək deyil. Əksinə, hesab edirik ki, bu istiqamətdə dövlət siyasəti və müsbət addımlar daha da gücləndirilməlidir ki, bu da azərbaycanlı icmasında dövlət dilinin öyrənilməsi probleminin aradan qaldırılmasına kömək edər. Lakin hesab edirik ki, inteqrasiya barəsində söhbət ediriksə, inteqrasiya siyasətinin həyata keçirilməsi üçün dövlət orqanları tərəfindən təsirli addımlar atılmalıdır. Mühüm addımlardan biri də məlumatların vətəndaşlara onların başa düşə bildikləri dildə çatdırılması və yerli özünüidarənin fəaliyyətində iştirakın təmin edilməsi olar”,
– təşəbbüs qrupunun ərizəsində qeyd olunub.

Gənclər ərizədə Marneuli merinin rəsmi “Facebook” səhifəsində azərbaycan dilinə tərcümə olunmuş məlumatların yerləşdirilməsini müsbət dəyərləndirdiklərini də qeyd ediblər. Lakin hesab edirlər ki, bu sistematik olmalıdır.

 

Print Email
FaceBook Twitter Google