Marneulili fəallar kitabxanada işlə təmin olunmanın partiya mənsubiyyətinə görə həyata keçirildiyini bildirirlər

Marneuli İctimai Kitabxanasının yeni əməkdaşı var.

Nərgiz Əliyeva ötən gün, 22 iyul tarixində şəxsi “Facebook” səhifəsində Marneuli meriyasında işə başlaması ilə bağlı paylaşım edib.

Əliyevanın paylaşımı sosial mediada birmənalı qarşılanmayıb. Mülki fəalların bir qismi bildirir ki, Nərgiz Əliyeva “Gürcü Arzusu”nun üzvüdür və onun işlə təmin olunması da məhz partiya mənsubiyyətindən irəli gəlir.

Marneulili tələbə və mülki fəal Rəşan Ziyadəliyev “Marneuli” radiosu ilə söhbəti zamanı qeyd edir ki, Əliyeva 2016-cı ildən bütün seçkilərdə iştirak edib və partiyanın adından tez-tez qadın seçicilərlə görüşlər keçirirdi. Ziyadəliyevin sözlərinə görə, onun etirazına ictimai strukturda kiminsə qeyri-şəffaf şəkildə işlə təmin olunması olub. Çünki Marneuli İctimai Kitabxanasında belə bir vakant yerin olmasından heç kəsin xəbəri olmayıb və Əliyevanın gürcü dilini bilməməsi də onun partiya mənsubiyyətinə görə işlə təmin olunması şübhəsi yaradır.

“Seçkiöncəsi kampaniyaya çox fəal şəkildə qoşulmuşdu. Qadınlarla görüşlər keçirirdi və seçkilərdən təxminən 1 ay sonra kitabxanada işə başladı. Bu artıq demokratik ölkə üçün normal hal deyil. Belə şeylər regionda və müvafiq olaraq Gürcüstanda demokratiyanın inkişafına mane olur”, – Rəşan Ziyadəliyev deyir.

Nərgiz Əliyevanın partiya fəaliyyətini “Marneuli” radiosunun yayımladığı materiallar da təsdiq edir. 2018-ci il prezident seçkilərinin ikinci turunda Əliyeva “şirniyyat süfrəsi” çərçivəsində Marneulili qadınlarla görüşlər keçirirdi və Salome Zurabişvilinin təbliğatını aparırdı.

Biz Nərgiz Əliyevanın işə başlamazdan əvvəl hansı prosedurları keçdiyini və sosial şəbəkədə onun partiya mənsubiyyətinə görə işlə təmin olunması barədə yazılanlara münasibətini öyrənmək məqsədilə onunla əlaqə saxladıq. Elə söhbətimizin başlanğıcından etibarən o, rus dilində danışmamızı xahiş etdi, işlə təmin olunma prosesləri ilə bağlı şərh verməkdən imtina etdi və Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinə yönləndirdi. Onun “Gürcü Arzusu”nun üzvü olduğu üçün işlə təmin olunması ilə bağlı ittihamlara gəlincə, o, bildirdi ki, 16 illik ictimai fəaliyyətini nəzər alaraq bu işə layiqdir.

“Kitabxanada kitabları təsnifləndirən kimi işə başladım. Mənə kitabları qəbul etmək, təsnifləndirmək və başqa şeylər həvalə olunub. Bu elə də böyük vəzifə deyil ki, nəsə yazasınız, nazir müavini olmamışam ki, bu kiçik bir işdir”, – Nərgiz Əliyeva bildirdi.

“Marneuli” radiosu Nərgiz Əliyevanın kitabxanada işlə təmin olunan zaman hansı mərhələləri keçdiyini öyrənmək məqsədilə Marneuli İctimai Kitabxanasının rəhbərliyi ilə əlaqə saxlamağa çalışsa da, kitabxananın direktoru hələ ki, zənglərə cavab vermir. Bu barədə məlumat alan kimi sizlərlə paylaşacağıq.

"Marneuli" Radiosu

Print Email
FaceBook Twitter Google