Marneuli məktəblərində tədris ili 16 sentyabrda başlayacaq

Marneuli miqyasında bütün məktəblərdə tədris ili 16 sentyabrda başlayacaq.



Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri Kənan Ömərovun “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdiyinə görə, Marneuli məktəblərində tədris ilinin başlanması ilə bağlı heç bir problem yoxdur.

1 saylı ictimai məktəbin şagirdləri yeni tədris ilini yeni tikilmiş məktəbdə qarşılayacaqlar. 1 saylı məktəb üç il idi ki, Marneuli 8 saylı ictimai məktəbin binasına köçmüşdü. Məktəbin tikintisi ilə bağlı tender 5 dəfə baş tutmamışdı, nəhayət 2019-2020-ci tədris ilinin başlamasına qədər məktəbin tikintisini tamamlamaq mümkün oldu.

Resurs Mərkəzin rəhbəri bizimlə söhbəti zamanı bildirdi ki, Marneuli miqyasında 17 məktəbdə müəyyən bərpa işləri həyata keçirilib, bu mərhələdə isə 8 məktəbin yenidən tikilməsi/bərpası planlaşdırılır.

"Marneuli" Radiosu

Print Email
FaceBook Twitter Google