Bu il də Təkəli kəndində uşaqlar bağçaya gedə bilməyəcəklər
Yeni tədris ilinin başlamasına bir neçə gün qalıb. Valideynlər, müəllimlər, məktəblilər məktəblərin, eləcə də bağçaların açılmasını səbirsizliklə gözləyirlər.

Marneulidə məktəb və bağça yaşına çatmış uşaqların valideynləri artıq dərs ləvazimatları, xüsusi geyimlər almağa başlayıblar. Marneulidən fərqli olaraq Təkəli kəndində valideynlər bu il də uşaqlarını bağçaya apara bilməyəcəklər. Çünki onların kəndində məktəb olsa da, azyaşlıların gedə biləcəyi bağça yoxdur. Uşaq bağçalarının olmaması Təkəli kənd sakinlərini narahat edir.

Təkəli sakinləri deyirlər ki, kənddə illərdir ki, uşaq bağçası yoxdur. Sakinlərin sözlərinə görə, gün ərzində evdə, əkin sahələrində işlər çox olur, belə olduqda isə onlar azyaşlı uşaqları ilə məşğul ola bilmirlər. Onlar düşünürlər ki, kənddə bağçanın olması həm uşaqlar, həm də valideynlər üçün olduqca əhəmiyyətli olardı.

Səməngül Zeynalova 50 ildir ki, Təkəli kəndində yaşayır. O, deyir ki, nəvələri bağçaya getməlidir, lakin bağça olmadığından azyaşlılar bütün günlərini evdə keçirirlər. Zeynalovanın sözlərinə görə, kənddə yaşayanların əksəriyyəti azyaşlı uşaqlarını evdə qoyub əkin sahəsində işləməyə gedirlər. Amma bağça olsaydı azyaşlılar orada vaxtlarını daha səmərəli keçirərlər. O, bildirdi ki, nəvələrini Marneulidə fəaliyyət göstərən bağçalardan birinə yerləşdirmək istəyib. Lakin xərcləri və məsafəni nəzərə aldıqda o, bu fikrindən daşınmalı olub.

“Bu kənddə illərdir ki, uşaq bağçası yoxdur. İş görməyə gedirik uşaq ağlayır, əlimiz çirkli gəlib uşağı yedizdirməli oluruq. Bağça olsa, yaxşı olardı. Marneuliyə qeydiyyat etmək istədik. Amma benzin pulu, gedib-gəlmək çətindir. Buradakıların hamısı işləyir, analar uşaqlarını aparıb-gətirər. Anaların da, uşaqların da dünya görüşü artar, uşaqlar daha tərbiyəli böyüyər”, -
Səməngül Zeynalova deyir.

Zeynalova onu da əlavə etdi ki, məktəbdən əvvəl bağçaya gedən uşaqlar dövlət dilini də yaxşı öyrənərlər və gələcəkdə məktəbdə təhsil alanda elə də çətinlik çəkməzlər.

Qeyd edək ki, Marneuli bələdiyyəsinin ərazisində hazırda 14 uşaq bağçası var. Bu bağçaların üçü Marneuli şəhərindədir, qalanı isə kəndlərdədir.

Print Email
FaceBook Twitter Google