Marneulidə evlərə küçələrin adını və evlərin nömrələrini göstərən lövhələr vurulacaq
Marneulidə illərdir ki, küçələrin adları və evlərin nömrələrini göstərən lövhələr yox idi. Bir çox hallarda küçələrin adlarını sakinlərin özləri və taksi sürücüləri belə bilmirlər. Buna görə də insanlar üçün narahatçılıq yaranır.

Hər dəfə Marneuliyə yad adam gələndə onun istədiyi yerə getməsi çətin olur. Bunun üçün iki variantın olur. Ya küçədə qarşılaşdığın şəxslərdən soruşmalısan ki, misal üçün Rustaveli 36 ünvanı haradadır, ya da bütün yol boyu görüşəcəyin adamla telefonda danışmalısan ki, misal üçün “Tbilisidən gəlirsənsə, meydandakı ədliyyə evinin sol tərəfindən dönəcəksən, böyük körpünü keçəcəksən, işıqfordan sola dönəcəksən”. Marneulidə xalqın ən çox toplaşdığı yer olan Marneuli bazarına məhz bu cür gedə bilərsən.

Marneuli meriyası 11 sentyabr tarixində tender elan edib. Bu tenderə əsasən Marneuli şəhərində evlərə küçələrin adlarını və ev nömrələrini göstərən lövhələr vurulacaq. Marneuli meriyası bu mərhələdə yalnız Rustaveli küçəsində yerləşən evlərin nömrələnməsini planlaşdırır.

Meriya küçə adı və ev nömrələrini göstərən lövhələrin vurulması üçün 9 450 lari xərcləməyi planlaşdırır.

Tenderin şərtlərinə görə, qalib gəlmiş şirkət işləri müqavilə imzalandıqdan 20 gün ərzində tamamlamalıdır.

Print Email
FaceBook Twitter Google