Marneuli məktəblərində vakant yerlərə pedaqoqları Müəllimlər Evi göndərəcək

Marneuli bələdiyyəsində 25 ictimai məktəb 2019-2020-ci tədris ili başlayana qədər elan edilmiş vakansiya nəticəsində 82 pedaqoqu işə qəbul edib. Onların əksəriyyəti 35 yaşa qədərdir.



Marneuli miqyasında 29 məktəb vakant 110 yer üçün müəllim axtarırdı. Dörd ictimai məktəbdə müxtəlif fənlər üzrə müəllimləri ümumiyyətlə qəbul edə bilməyiblər. Araflı ictimai məktəbində musiqi, Şaumyani 1 saylı ictimai məktəbində kimya, Xixanidə fizika, Xocornidə isə rus dili müəllimi yoxdur. Buna görə də həmin məktəblərdə qeyd olunan dərslər keçirilmir.

“Bu gün Təhsil Resurs Mərkəzinə getmişdim və dedilər ki, bu semestrdə müəllim tapa bilməsək, gələn semestrdən, yanvardan bu uşaqlara fənn ikiqat tədris olunacaq” – Şaumyani 1 saylı ictimai məktəbinin direktoru Artuş Urumyan deyir.

Bələdiyyənin səkkiz ictimai məktəbi müxtəlif fənlər üzrə müəllim qəbul edə bilməyib. Buna baxmayaraq tədris prosesi maneəsiz davam edir. Dərs saatları başqa müəllimlərə əlavə saat olaraq bölünüb.

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin məlumatına görə, vakansiya elan olunmuş məktəblərdə müəllim tapılmayıbsa, Müəllimlərin Peşəkar İnkişafı üzrə Milli Mərkəz (Müəllimlər Evi) həmin məktəblərə pedaqoq göndərəcək.

“Bu proqram çərçivəsində Müəllimlərin Peşəkar İnkişafı üzrə Milli Mərkəz müəllim göndərəcək və uşaqlara tam qrafiklə dərs keçiriləcək. Tədris ili elə başa çatacaq ki, bir saat da geri qalmayacaqlar və uşaqların dərs saatı tam təmin olunacaq”,
– Nazirliyin İctimaiyyətlə Əlaqələr Şöbəsinin nümayəndəsi Lali Rozomaşvili deyir.

“Marneuli” radiosu sorğu nəticəsində aydınlaşdırdı ki, regionda ən çox texniki fənlər üzrə müəllim tapılmasında çətinlik olub. Təhsil Nazirliyindən bildirdilər ki, bu istiqamətdə çalışırlar.

“Məktəblərdə maaşlar artırılıb, məktəb direktorlarının, Resurs Mərkəz və rəhbərliklərin də maaşı gələcəkdə artacaq, hamının əmək haqqı artacaq, bundan yaxşı motivasiya nə ola bilər!” - Lali Rozomaşvili deyir.

Məktəblərdə pedaqoqlarla bağlı vakansiya Təhsil Nazirliyinin pensiya yaşda olan müəllimlərə məktəbi tərk etmək qarşılığında mükafat olaraq iki illik maaş və daimi sığorta təklif etməsindən sonra yaranıb.

"Marneuli" Radiosu

Print Email
FaceBook Twitter Google