Marneulili gənclər üçün Regional Gənc Sahibkarlar layihəsinin ikinci fazası başlayır

Sahibkarlıqla məşğul olmaq istəyən Marneulili gənclərə Regional Gənc Sahibkarlar layihəsinin II fazasında iştirak etmək imkanı verilib.



Layihəyə əsasən 18-29 yaşlı gənclər sahibkarlıq ideyalarını mükəmməl layihə kimi formalaşdırmaq üçün təlimlərdə iştirak edəcəklər. Regionların İnkişafı Assosiasiyasının gənclər üzrə rəhbəri Revaz Cavelidzenin bizimlə söhbəti zamanı bildirdiyinə görə, layihə gənclərin sahibkarlıq vərdişlərinin formalaşmasına istiqamətlənib.

“Layihə gənclərin mükəmməl biznes layihələr hazırlamaq kimi vərdişlərinin inkişafına və qrant müsabiqələrində iştirakına istiqamətlənib. Qrant müsabiqəsində qalib gəldikləri halda onların təqdim etdikləri layihələrin maliyyələşmək şansı olacaq”, – Revaz Cavelidze deyir.

Regional Gənc Sahibkarlar layihəsində iştirak edənlərin 10 000 lariyədək maliyyə əldə etmək imkanı olacaq. Layihə Marneuli ilə yanaşı daha 8 bələdiyyədə, o cümlədən Bolnisi bələdiyyəsində də həyata keçirilir.

Layihənin birinci fazasında Marneulidən 3 nəfər iştirak edirdi. Onlar maliyyə əldə edə bilməmişdilər. Revaz Cavelidze ümid edir ki, bu mərhələdə Marneulililər tərəfindən fəallıq daha yüksək olacaq.

“Ümid edirəm ki, bu dəfə gənclər tərəfindən fəallıq daha yüksək olacaq və layihədə iştirak etmək üçün ilk növbədə qeydiyyatdan keçəcəklər”, – Revaz Cavelidze deyir.

Proqramda iştirak etmək istəyən gənclər 3 oktyabr 2019-cu il, saat 17:00-dək Gələcək Gürcüstan naminə Regionların İnkişafı Assosiasiyasının rəsmi veb-səhifəsində qeydiyyatdan keçə bilərlər.

Proqrama “Gürcüstanda istehsal et”, “Yaradıcı Gürcüstan”, Gürcüstan İnnovasiyalar və Texnologiyalar Agentliyi, Milli Turizm Administrasiyası, Kənd Təsərrüfatı Layihələrinin İdarəolunması Agentliyi, “Kristal” maliyyə təşkilatı, Gürcüstan Milli Bankı və TBC Bank dəstək verir.

"Marneuli" Radiosu

Print Email
FaceBook Twitter Google