Marneuli Uşaq Bağçaları Birliyi "töhmət" almayan əməkdaşlara əlavə əməkhaqqı köçürüb

Marneuli bələdiyyəsinin Uşaq Bağçaları Birliyi ötən gün, 2 oktyabr tarixində bağça əməkdaşlarına əlavə maaş köçürüb.

Birliyin rəhbəri Zaur Kərəmovun bildirdiyinə görə, əməkhaqqı qədər məbləğ “töhmət” almayan əməkdaşlara köçürülüb, Kərəmov gizlilik prinsipinə görə belə əməkdaşların sayının nə qədər olduğunu isə qeyd etmir.

“Töhmət alan və iş saatı az olan əməkdaşlardan başqa hamıya əlavə əmək haqqı köçürülüb. Biz monitorinq aparırıq və iş prosesində, monitorinq nəticəsində töhmət verilirsə, heç bir halda əlavə əməkhaqqı köçürülə bilməz. Belə əməkdaşların sayı çox deyil, amma bu gizli məlumatdır və deyə bilmərəm”, – Zaur Kərəmov deyir və qeyd edir ki, mükafat verilməsi qərarını əməkdaşların fəaliyyətinə görə veriblər.

“Olduqca çox çalışırlar, uşaqlara qayğı göstərmək üçün böyük əmək sərf edirlər və ona görə əlavə əməkhaqqı verdik.”

Qeyd edək ki, bağça əməkdaşlarına əlavə əməkhaqqı 2 oktyabr tarixində köçürülüb. Həmin gün “Marneuli” radiosu 3 saylı uşaq bağçasında olan problemlə bağlı süjet hazırlamışdı və müəllimlər çatışmayan çarpayılara, qruplarda uşaqların sayının çox olmasına və əmək haqqına görə öz narazılıqlarını bildirmişdilər. Əlavə əməkhaqqının köçürülməsinin “Marneuli” radiosunun süjeti ilə bağlı olub-olmaması barədə suala cavab olaraq Kərəmov bildirdi ki, əlavə əməkhaqqının verilməsi prosesinə 20 sentyabrdan başlayıblar.

"Marneuli" Radiosu

Print Email
FaceBook Twitter Google