“Müəllim olmaq çətin deyil, bunun üçün işlədiyin sahəni sevmək lazımdır” - Elgün Osmanov
“Müəllim olmaq çətin deyil, bunun üçün işlədiyin sahəni sevmək lazımdır”, - bu sözləri 27 yaşlı gənc müəllim Elgün Osmanov dedi. O, Bolnisi rayonunun Arxlı kəndində yaşayır. Osmanov 2008-ci ildə Heydər Əliyev adına Gürcüstan Azərbaycan Humanitar Universitetində informatika və ingilis dili sahəsi üzrə təhsil alıb. 2013-cü ildə isə Arıxlı ictimai məktəbində ingilis dili müəllimi olaraq çalışmağa başlayıb. Osmanovun sözlərinə görə, müəllimlik peşəsi uşaqlıqdan bu günə qədər qurduğu ən böyük xəyallarından biri olub.

O, deyir ki, “Müəllim öz sahəsini dəqiq bilməlidir”.

3-cü sinifdən 8-ci sinifə qədər şagirdlərə dərs keçən gənc müəllimin sözlərinə görə, şagirdlərlə çalışmağı çox sevir və heç yorulmur.

“Müəllim çalışıb uşaqlarla dil tapmalıdır. Əgər belə olsa müəllim şagirdlərlə rahat dərs keçə biləcək. O, gələcəyin vətəndaşını yetişdirir və çalışıb məsuliyyətli olmalıdır. Müəllim öz sahəsini dəqiq bilməli və özünü inkişaf etdirməlidir”, - Elgün Osmanov dedi.

E.Osmanov deyir ki, evdə də şagirdlərə əlavə dərslər keçir və öz biliyini onlarla da bölüşür.

Qeyd edək ki, Elgün Osmanov öz sahəsini daha da inkişaf etdirmək üçün hal-hazırda Soxumi Dövlət universitetində təhsil alır.

Print Email
FaceBook Twitter Google