Kirəç Muğanlı sakinləri günlərdir işləməyən bələdiyyə nəqliyyatlarından şikayətlənirlər
Kirəç Muğanlı sakinləri günlərdir işləməyən bələdiyyə nəqliyyatlarından şikayətlənirlər.

Hər gün, səhər saatlarında iş üçün Marneuliyə gəlməli olan sakinlər yolda saatlarla avtobus gözləyirlər. Lakin səhər saat 8:00-da çıxmalı olan bələdiyyəyə məxsus avtobus işləmədiyindən onlar işə gecikməli və ya taksi ilə gəlməli olurlar.

Sakinlərin sözlərinə görə, bəzən bələdiyyə avtobuslarını səhər saatlarında qonşu kənd, Qaçağan kəndinə məxsus avtobuslar əvəz edir. Amma o da gəlməyəndə yolda qalmalı olurlar.

“Elə yaxşı idi ki, marşrut olmayanda Qaçağan avtobusuyla gedirdik. İndi o da gəlmir. Nə səhər saat 8, nə də axşam rayondan çıxan 6 marşrutu olmur. Bəs biz işə saat neçədə gedib, neçədə gələk? Nə qədər işə gecikmək olar?” – Kirəç Muğanlı kənd sakini deyir.

Kənd sakinlərinin sözlərinə görə, həftə ərzində bələdiyyə nəqliyyatı işləmədiyi günlər işə taksi ilə gəlməli olurlar. Bu isə onların xərcini artırır. Beləliklə Marneuliyə gəlmək üçün bir neçə nəfər toplanaraq taksi ilə gəlir və yola 2 lari deyil, 1 nəfər üçün 5 lari ödəməli olurlar.

“Aldığım maaş yollarda qalır. Bir neçə gündür marşrutkalar işləmir, həftədə 3 dəfə taksiylə gəlmək mənə xeyir etmir. Əgər xarabdırsa, bunun çarəsini tapsınlar. Hər il bu vaxt marşrutkalarda nə isə problemlər olur, heç yaxşı işləmirlər”, – Kirəç Muğanlı kənd sakini deyir.

Bizimlə söhbət zamanı “Avtopark” MMC-in (Bələdiyyənin balansında olan MMC) direktoru Qiqa Calağoniya bildirdi ki, Kirəç Muğanlı xətti üzrə işləyən iki avtobus xarab olub. O, bildirdi ki, avtobusların birinin mühərriki yanıb. Digər avtobus isə bu gün təmir olunacaq və sabah adi rejimdə reysləri həyata keçirəcək.

Print Email
FaceBook Twitter Google