Oqtay Kazımov “LELO” ictimai hərəkatına üzv olub
Mülki fəal Oqtay Kazımov “LELO” ictimai hərəkatına üzv olub.

Mamuka Xazaradze bu gün, 11 oktyabr tarixində ictimai hərəkatın daha 12 yeni üzvünü təqdim edib ki, onların arasında filoloq və tərcüməçi Oqtay Kazımov da var.

Kazımov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Gürcüstanın ictimai həyatında azərbaycanlı icmasının nümayəndələri fəal iştirak etmirlər.

“Bizdə mülki fəallıq mədəniyyəti yavaş-yavaş formalaşır və bu artıq milli azlıqlara da nüfuz etməyə başlayıb. Fikrimcə istər inteqrasiya məsələsi olsun, istər ictimai həyatda iştirak, istərsə də başqa, bu mövzuda əməkdaşlıq etmək istəyən hər kəslə əməkdaşlıq etməliyik. İctimai hərəkat mənim üçün çox rahat bir sahədir ki, icmaların narahatlıqlarını buraya daşıya və komanda ilə birgə həmin məsələləri həll etməyə çalışa bilərəm”, – Oqtay Kazımov bildirdi.

Mamuka Xazaradze ictimai hərəkatı təsis edərkən bildirmişdi ki, bir neçə ay ərzində siyasi partiya da yaradacaq. Kazımov bizimlə söhbəti zamanı bildirdi ki, partiyanın üzvü olacağı da istisna deyil.

“Hələ düşünmürəm, təklif də olmayıb, lakin gələcək göstərər. Hər şey danışıqdan, təklifdən və bir sıra digər amillərdən asılıdır. Əgər hiss etsəm ki, məndə bu resurs var, əlbəttə, partiya üçün də bur resursdan ayıraram”, – Oqtay Kazımov dedi.

Kazımov “LELO”-ya üzvlük mərasimində milli azlıqların ölkənin həyatında iştirakı və gənclərin miqrasiyası məsələsinə də toxunub.

Qeyd edək ki, Mamuka Xazaradze “LELO” hərəkatını 12 sentyabr tarixində təsis edib.

"Marneuli" Radiosu
Print